Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Astanada Qazaxıstanın Beynəlxalq Proqramlar Mərkəzində rəsmi görüş keçirib.
Bu barədə AzEdu.az-a Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.
Məhsuldar şəraitdə keçən görüşdə "Bolashak" təqaüd proqramının idarə heyətinin sədri Abay Rəhmət və rəhbər heyətlə xaricdə təhsil üzrə dövlət proqramlarının idarə olunması, tələbə və məzunların akademik monitorinqi sahəsində qabaqcıl təcrübələr müzakirə olunub. Müzakirələrdə həmçinin Dövlət Proqramının maliyyə dəstəkçisi Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı və Fondun əməkdaşları da iştirak edərək maliyyələşmə və idarəetmə mexanizmlərinə dair təcrübə mübadiləsi aparıblar.
Görüşün yekununda iki ölkə arasında insan kapitalının inkişafı və beynəlxalq təhsil proqramlarının icrası istiqamətində strateji əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.