Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 09:47:24
Şagirdləri qəzaya salan sürücünü hansı cəza gözləyir? - Hüquqşünas rəyi

“Avtoqəza nəticəsində avtomobili idarə edən şəxs yol hərəkəti və ya avtomobil nəqliyyatının istismarı qaydasını pozduğu üçün ehtiyatsızlıqdan zərərçəkən şəxsin sağlamlığına ağır zərər vurarsa, Cinayət Məcəlləsinin 263.1. maddəsinə əsasən sürücünün cinayət məsuliyyəti yarana bilər. Həmin maddəyə əsasən, sürücü 1 ildən 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 3 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”. 

Bu sözləri AzEdu.az saytına açıqlamasında hüquqşünas Anar Ramazanov Yevlaxda şagird və müəllimlərin ağır yaralanması ilə nəticələnən qəzadan danışarkən deyib:

Hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsində edilən son dəyişikliyə əsasən, ehtiyatsızlıqdan baş verən hadisədən sonra zərərçəkən şəxslə cinayət törədən şəxs barışarsa və zərərçəkənə dəyən ziyan tamamilə ödənilərsə, bu halda həmin şəxs cinayət məsuliyyətindən azad edilir.

A.Ramazanovun sözlərinə görə, yük maşınının sürücüsü eyni zamanda həm cinayət məsuliyyətinə, həm də inzibati məsuliyyətə cəlb oluna bilər:

“Avtoqəza nəticəsində avtomobili idarə edən şəxs yol hərəkəti və ya avtomobil nəqliyyatının istismarı qaydasını pozduğu üçün ehtiyatsızlıqdan zərərçəkən şəxsin sağlamlığına az ağır zərər vurarsa, bu halda Cinayət Məcələsinin 263.1. maddəsinə əsasən, nəqliyyat vasitəsi sürücüsünün cinayət məsuliyyəti yarana bilər. Bu vəziyyətdə sürücü 2 ilə qədər avtomobil idarə etmək hüququndan məhrum edilə və 5 min manatdan 7 min manata qədər cərimə olunar. Eyni zamanda 2 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Əgər avtoqəza nəticəsində zərərçəkən şəxslərin sağlamlığına yüngül bədən xəsarəti dəyibsə, bu halda yük maşını sürücüsünün inzibati xətalar məcəlləsinin 327-ci maddəsi ilə inzibati məsuliyyəti yaranacaq. Burada inzibati məsuliyyət 200 manat məbləğində cərimə, eyni zamanda nəqliyyat vasitəsindən istifadə etmək hüququnun 1 ilə qədər məhdudlaşdırılmasıdır.

Hadisə nəticəsində zərərçəkən şəxslərin bəziləri yüngül, bəziləri az ağır və ağır yaralandığı halda ( yəni dəyən xəsarətin xarakter və dərəcəsi ayrı-ayrı şəxslərdə fərqlənirsə) müəyyən şəxslərlə bağlı (ağır yaralananlar) yük maşını sürücüsü cinayət məsuliyyətinə , müəyyən şəxslərə vurulan xəsarətlə bağlı isə (yüngül yaralananlar)  inzibati məsuliyyətə cəlb edilə bilər. Cinayət məsuliyyətinə cəlb olunan şəxs xəsarətin xarakteri və dərəcəsinə görə qeyd olunan sanksiyalardan birinə düşə bilər”.

Hüquqşünas qeyd edib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən bir nəfər belə cinayəti törədən şəxslə barışmasa, sürücünün cinayət işinə xitam verilməyəcək:

“Digər bağışlayan şəxslərlə bağlı işə xitam verilsə də, məhz barışmayan şəxslə bağlı cinayət təqibi sona çatdırılaraq  sürücüyə cinayət qaydasında hansısa cəza veriləcək.

Yük maşını sürücüsünün icbari sığortası olmayıbsa, o zaman sürücünün İnzibati Xətalar məcəlləsinin 469-cu maddəsinə əsasən məsuliyyəti də yarana bilər. Bu halda fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimələnir”.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanında iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. İlkin rəyə görə, qəzada şagirdləri daşıyan mikroavtobusun sürücüsünün günahı olmayıb. “Vita” markalı mikroavtobusun qəza etməsinə səbəb qabaqda hərəkət edən yük avtomobilinin dönmə əməliyyatı aparması olub. Buna görə də “QAZ-53” markalı yük maşınının sürücüsü, 1952-ci il təvəllüdlü Teymurov Musa saxlanılıb.

Xəsarət alanlardan ikisi ağır, digərləri isə az ağır və yüngül zədələniblər.