Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 16:55:00
Türkiyədə distant təhsil alan azərbaycanlıların diplomu tanınacaq?

Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən qardaş ölkənin universitetlərində təhsil onlayn formaya keçirilib. Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar yaz semestrinin 20 fevralda distant təhsillə başlayacağını bəyan edib.

Türkiyə universitetlərin hamısının yataqxanası zəlzələdən əziyyət çəkənlərə xidmət edəcək.

Azərbaycandan da xeyli sayda tələbə Türkiyədə təhsil alır.

Azərbaycan qanunvericiliyə görə distant təhsil formasında alınan diplomlar tanınmır.

Maraqlıdır ki, hökumətin yeni qəbul etdiyi sənədlərdə də xaricdən distant formada təhsil yolu ilə əldə olunan diplomlar tanınmır. Görəsən Türkiyədə onlayn təhsilə başlayan tələbələrin diplomlarını hökumət tanıyacaqmı, tanıyacaqsa, bu nəyin əsasında olacaq?


AzEdu.az
xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz mövzu ilə bağlı danışıb.

“Elə bir neçə gün öncə Nazirlər Kabinetinin qəbul etdiyi yeni Qaydalara –“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə distant formada alınan diplomların tanınması nəzərdə tutulmayıb.


Yeni Qaydaların 4-cü maddəsində tələbənin “hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması” və “tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması” nəzərdə tutulub.


Müxtəlif vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən, həmçinin distant formada təhsilə nəzarət imkanlarının yetərli olmadığını əsas gətirərək bu təhsil forması ilə alınan diplomları tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır ki, bu qaydada davam edir”, - Osman Gündüz deyib.

Onun sözlərinə görə, Azərbaycanın özündə də baxmayaraq ki, iki il tədris distant formada aparılıb və hökumət bu qaydada verilən diplomlarımızı tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant bitirənlərin diplomlarına bu yanaşma tətbiq olunmayıb.


“Düşünürəm ki, bu yanaşma qüsurludur. İndiki zamanda təhsil alanları distant formada təhsil almaqdan məhrum etmək, həmçinin öz universitetlərimizə də bu təhsil forması üzrə lisenziya verilməsindən imtina etmək doğru yanaşma deyil.


Bununla biz, həm universitelərimizi , həm də yeni ixtisaslara can atan gənclərimizi sanki arxadan tutub saxlayırıq.

 

Dünyanın, qloballaşmanın, texnologiyaların və əmək bazarının indiki inkişaf səviyyəsində diplomların tanınması üçün tətbiq edilən “təhsil aldığı
ölkənin ərazisində məcburi olmaq” prinsipi gənclərimizn və təhsil alanların hüquqlarını xeyli məhdudlaşdırır.


Sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun olaraq müasir dövrdə yeni ixtisaslara yiyələnməyin, ixtisas artırmağın mühüm əhəmiyyət kəsb etdiyi bir zamanda belə bir “absurd” prinsipin rəhbər tutulması, düşünürəm ki, nəinki gənclərin müasir tələblərə uyğun formalaşmasının qarşısnı alır, eyni zamanda ölkəmizin rəqabətədavamlılığa ciddi problemlər yaradır.


Ümid edirəm hökumət, Elm və Təhsil Nazirliyi distant formada alınan diplomların tanınması üçün daha ağlanbatan bir yanaşma tətbiq edəcək”, - O.Gündüz bildirib.