15 aprel 2026-cı ildən etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə sənəd qəbulu açıq elan olunub. Proqram 33 ölkənin 230-dan çox universitetini və 4000-dən artıq təhsil proqramını əhatə edir.
Maraqlıdır, belə geniş imkanlar fonunda tələbələr üçün hansı ölkələr daha üstün və keyfiyyətli təhsil imkanları təqdim edir?
Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.
O qeyd edib ki, universitet seçimi təkcə təhsil deyil, həm də gələcək həyat trayektoriyasının müəyyənləşdirilməsidir:

"Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair Dövlət Proqramı mənim üçün kifayət qədər doğma bir proqramdır. Çünki ilk Dövlət Proqramını hazırlayan işçi qrupunun üzvü olmuşam və proseslərin bütövlükdə gedişatı barədə kifayət qədər məlumatım olub.
Dövlət Proqramının əhatə etdiyi 33 ölkə və 230-dan çox universitet arasında seçim etmək təkcə ali təhsil müəssisəsi seçimi deyil, həm də gələcək həyat trayektoriyasının müəyyənləşdirilməsi deməkdir. Mən düşünürəm ki, biz məsələyə münasibətdə daha çox peşəkar yanaşma tələb edən əsas fərqləri və meyarları daha dərindən təhlil edə bilərik".
Ekspert İlqar Orucov qlobal təhsil modellərini ölkələr üzrə təhlil edərək, hər bir sistemin fundamental fərqlərini diqqətə çatdırıb:
"Ümumilikdə təhsil modelləri və elmi mühit baxımından yanaşdıqda, Amerika Birləşmiş Ştatları təhsil sistemi çeviklik üzərində qurulub. Bakalavr səviyyəsində tələbəyə geniş seçim imkanları verilir, magistr və doktorantura pillələrində isə innovativ tədqiqatlara və multidissiplinar yanaşmalara xüsusi önəm verilir. Elmi mühit kifayət qədər rəqabətlidir və əsasən praktik tətbiq yönümlüdür.
Digər bir model kimi, elmi mühit baxımından Böyük Britaniya universitetlərini dəyərləndirə bilərik. Böyük Britaniya universitetləri akademik dərinliyi ilə fərqlənir. Burada təhsil daha çox fokuslanmış və spesifik xarakter daşıyır. Tələbə ilk gündən seçdiyi ixtisasın dərinliklərinə enə bilir. Xüsusilə Oksford və Kembric kimi universitetlərdə fərdi mentorluq sistemi elmi mühitin əsasını təşkil edir.
Avropa modelinə nəzər yetirsək, məsələn, Almaniya və Niderland kimi ölkələrdə təhsilin sənaye ilə sıx bağlı olduğunu görərik. Eyni zamanda, Avropa universitetləri bir çox hallarda böyük korporasiyaların sifarişləri əsasında təhsil və tədqiqat fəaliyyətini həyata keçirirlər".
Ekspert gənclərin universitet seçərkən əsas diqqət yetirməli olduğu məqamları vurğulayıb:
"Diqqət yetirilməsi vacib olan məqamlardan biri universitetlərin reytinqləri və reputasiyası ilə bağlıdır. Qlobal reytinqlərdə ilk iyirmiliyi adətən Amerika Birləşmiş Ştatları və Böyük Britaniya universitetləri bölüşür. Tələbələr seçim edərkən düşünürəm ki, “subject ranking”ə (fənn üzrə reytinqə) baxsalar, məsələyə daha peşəkar yanaşmış olarlar. Məsələn, mühəndislik sahəsində Almaniya universitetləri, dizayn sahəsində isə İtaliya və Böyük Britaniya məktəbləri həm reytinqlərdə, həm də reytinqlərdən kənar formalaşmış nüfuz baxımından xüsusi nüfuza malikdirlər.
Düşünürəm ki, gənclərimizin əsas diqqət yetirməli olduğu məqamlardan biri də əmək bazarına çıxış və karyera imkanlarıdır. Çünki hər bir gəncin təhsil almaqda məqsədi, niyyəti və gələcək perspektivləri, eyni zamanda, qazandığı bilik, bacarıq və səriştələri daha geniş miqyasda əmək bazarında reallaşdırmaq və karyera qurmaqla özünü ifadə etməkdir.
Biz burada eyni zamanda üç kateqoriya üzrə təsnifatlaşdırma apara bilərik. Məsələn, əgər hədəf daha çox qlobal texnologiya şirkətləridirsə, yəni karyera qurmaq istiqaməti bu sahəyə yönəlibsə, mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları diplomları bu baxımdan əvəzsizdir. Burada həm də şəbəkələşmə imkanları karyeranın çox böyük bir hissəsini, təxminən 70 faizə qədərini təşkil edir.
Avropa universitetlərinin diplomları isə Avropa İttifaqı daxilində yüksək keçərliliyə malikdir. Məzun olduqdan sonra bir çox ölkə, iş axtarmaq üçün əlavə viza dəstəyi də təqdim edir. Məsələn, bu, adətən bir-iki illik viza müddətini əhatə edir. Almaniyada tələbə universiteti bitirdikdən sonra ona ölkədə qalaraq bir il ərzində iş axtarmaq imkanı yaradılır.
Eyni zamanda, Avropa universitetlərində, xüsusilə Almaniya və Niderland kimi böyük təhsil ənənələrinə malik ölkələrdə universitetlərin nüfuzu da yüksəkdir. Burada söhbət həm də qlobal reytinqlərdə ön sıralarda yer alan universitetlərdən gedir. Məzunların əmək bazarında iş tapmaq imkanları bəzi hallarda 85–90 faizə qədər yüksəlir.
Digər tərəfdən, əmək bazarına çıxış və karyera imkanları baxımından Böyük Britaniya universitetlərinin yaratdığı imkanlara nəzər salsaq, görürük ki, burada məzunlara iki il, doktorantura məzunlarına isə üç il işləmək imkanı verilir. Bu da beynəlxalq təcrübə baxımından olduqca əhəmiyyətli bir fürsət hesab oluna bilər".
Xaricdə təhsil almaq arzusunda olan gənclər mütləq şəkildə Azərbaycanın gələcək iqtisadi inkişaf prioritetləri ilə seçdikləri ixtisasın nə dərəcədə uzlaşdığına diqqət yetirməlidirlər:
"Bizim gənclər üçün düşünürəm ki, yaşayış şəraiti və adaptasiya imkanları baxımından da bu dəyərləndirmənin aparılması çox önəmlidir. Avropa ölkələrində, xüsusilə Skandinaviya ölkələri, Almaniya, Avstriya və Niderland kimi dövlətlərdə həyat daha balanslı, təhlükəsiz və sosialyönümlüdür.
Şəhər infrastrukturu və ictimai nəqliyyat sistemi də kifayət qədər inkişaf etmiş və rahatdır. Karyera yönümlü mühit baxımından Amerika Birləşmiş Ştatları və Böyük Britaniya daha sürətli həyat tempi, yüksək rəqabət və eyni zamanda şəxsi inkişaf üçün daha geniş imkanlar təqdim edir.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq arzusunda olan gənclər mütləq şəkildə Azərbaycanın gələcək iqtisadi inkişaf prioritetləri ilə seçdikləri ixtisasın nə dərəcədə uzlaşdığına diqqət yetirməlidirlər. Məsələn, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, aqrar sektor və ümumilikdə rəqəmsallaşma kimi istiqamətlər Azərbaycan üçün həm hazırda, həm də gələcəkdə strateji əhəmiyyət daşıyır və əmək bazarı baxımından ciddi perspektivlər vəd edir".
Çin universitetləri artıq ABŞ və Avropa təhsil sistemlərinə ciddi alternativ kimi çıxış edir və bu da Azərbaycan gəncləri üçün yeni seçim imkanları yaradır:
"Son illərdə Dövlət Proqramı çərçivəsində ölkələrin coğrafiyası da kifayət qədər şaxələnib. Məsələn, Çin universitetləri bu baxımdan çox böyük imkanlar yaradır. Çinin sürətlə inkişaf edən iqtisadiyyata malik olması, eyni zamanda bu ölkədə təhsil alan gənclər üçün həm akademik, həm də praktiki baxımdan geniş perspektivlər açır.
Çin universitetləri sənaye ilə sıx inteqrasiya olunmuş təhsil modeli ilə seçilir. Onların inkişafını sürətləndirən əsas amillərdən biri də məhz Çinin güclü sənaye bazası və iri müəssisələridir. Bu faktor Çin universitetlərinin qlobal reytinqlərdə sürətli yüksəlişinə və texnoloji innovasiya mərkəzlərinə çevrilməsinə ciddi təsir göstərib. Nəticə etibarilə, bu universitetlər artıq ABŞ və Avropa təhsil sistemlərinə ciddi alternativ kimi çıxış edir və bu da Azərbaycan gəncləri üçün əlavə üstünlüklər və yeni seçim imkanları yaradır.
Məsələn, süni intellekt, bərpa olunan enerji, elektron ticarət kimi sahələrdə Çin universitetləri güclü təhsil və texnologiya ekosistemi təqdim etməklə ön plana çıxırlar. Eyni zamanda beynəlxalq tələbələr üçün Çin universitetlərinin yüzlərlə proqramı mövcuddur ki, bunlar tam ingilis dilində tədris olunur. Bu isə həmin universitetləri xarici tələbələr üçün daha əlçatan və cəlbedici edir.
Digər tərəfdən, Çin şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi də diqqətçəkən məqamdır. Bu tendensiya göstərir ki, gələcəkdə Azərbaycan əmək bazarında Çin universitetlərini bitirən məzunlara olan tələbat daha da artacaq.
Bunu qlobal perspektivdən dəyərləndirsək, dünyanın ikinci böyük iqtisadiyyatına malik bir ölkədə təhsil almaq gənclərə qlobal təchizat zənciri və beynəlxalq ticarət sahələrində geniş imkanlar açır. Qeyd etdiyim məqamlar çərçivəsində gənclər seçimlərini etsələr, daha doğru olar. Burada həm də onların özlərini harada görmələri məsələsi mühüm rol oynayır.
Ümumilikdə isə hesab edirəm ki, bizim çox ağıllı, intellektual potensialı güclü, savadlı və dünyagörüşü geniş gənclərimiz var. Onlar xaricdə təhsil almağı və nüfuzlu universitetlərdə oxumağı hədəfləyirlərsə, dövlətimizin yaratdığı, məhz dövlət vəsaiti hesabına formalaşmış bu proqramdan, eyni zamanda ölkənin ali siyasi rəhbərliyi, cənab Prezident tərəfindən Azərbaycan gənclərinə təqdim edilən bu təhsil imkanlarından düzgün şəkildə yararlanacaqlar".