BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, Livanda ötən həftə ərzində hər gün orta hesabla 11 uşaq həlak olub və ya yaralanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, son yeddi gündə 15 uşaq həyatını itirib, 62 uşaq isə yaralanıb.
Pires qeyd edib ki, uşaqların əksəriyyəti ölkənin cənubunda həyata keçirilən hava hücumları nəticəsində zərər çəkib. Təkcə son bir gündə 7 uşağın öldüyü, 30 uşağın isə yaralandığı bildirilir.
UNICEF rəsmisi vurğulayıb ki, aprelin 17-də elan olunan atəşkəsdən bu yana Livanda 55 uşaq həlak olub, 212 uşaq yaralanıb.
O, bütün tərəfləri atəşkəsə riayət etməyə və beynəlxalq humanitar hüquqa hörmət göstərməyə çağırıb. Pires bildirib ki, uşaqlar və mülki infrastruktur qorunmalı, humanitar təşkilatların zərərçəkmiş bölgələrə maneəsiz çıxışı təmin edilməlidir.