Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 13:35:00
Bəzi universitetlərimizin fəaliyyəti universitet anlayışına uyğun gəlmir - TƏNQİD

 

Sovet hakimiyyəti dövründə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri institut adlanırdı. Müstəqil Azərbaycan Respublikasının 1992-ci ildə qəbul olunmuş ilk təhsil qanununa əsasən, institutların adı kütləvi şəkildə universitet adlandırıldı. Ümumilikdə nəzər yetirsək, institut sadəcə bir sahə üzrə ixtisaslaşır, amma universitet bir neçə fakültə və ixtisasları özündə birləşdirir. Hazırda ölkəmizdə elə universitetlər var ki, sadəcə bir peşə sahəsi üzrə təhsil verir. Bəs belə olduğu halda həmin təhsil müəssisəsinin universitet adlandırılması doğrudurmu?

 

Bu mövzu ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev AzEdu.az-a açıqlamasında bildirib ki, institutların universitet adlandırılması mahiyyətcə heç bir şeyi dəyişmədi:

 

“Sovet vaxtı bütün ali məktəblərə bolşeviklərin adını qoymuşdular. Hətta Kirovun adına iki ali məktəb var idi. Bunlar Bakı Dövlət Universiteti və Bədən Tərbiyəsi İnstitutu idi. Ən yüksək status da Bakı Dövlət Universitetinə verilmişdi. Sonradan 1992-ci ildə təhsil haqqında qanun qəbul olundu və bu qanuna əsasən institutların hamısı universitetə çevrildi, amma heç bir mahiyyət və keyfiyyət dəyişmədi. İnstitut 5 illik təhsil verməklə eyni kvalifikasiyaya malik olan mütəxəssislər hazırlayırdı. Digər tərəfdən bəzi adı akademiya olan ali məktəblər də yaradıldı. Bunlara bu ad verilməklə bir növ təhsildə və tədqiqlatlarda hansısa üstünlüklərin əldə olunması ehtimal olunurdu. Amma gözlənilənlər özünü doğrultmadı”.

 

Millət vəkili onu da qeyd edib ki, ölkəmizdəki universitetlərin bir çoxunun fəaliyyəti ümumi universitet anlayışı ilə uyğun gəlmir:

 

“Universitet tərkibində müxtəlif ictimai və təbiiyyat-riyaziyyat şöbələri (fakültələri) olan elmi təmayüllü ali məktəbdir. Sözün mənası isə latın dilindən gəlir, birgəlik və ümumilik deməkdir. Digər tərəfdən, institut sözü daha çox tədqiqatlarla asossasiya olunur. Bunlara Azərbaycan Elmlər Akademiyasının Fizika, Fəlsəfə, Kimya İntitutlarını misal çəkə bilərik. Xarici ölkələrin təcrübəsinə baxdıqda ABŞ-ın Massaçusets Texnologiya İnstitutu bütün reytinqlərdə tədqiqatlarına, verilən təhsilin keyfiyyətinə, əmək bazarında məzunların işlə təminatına və böyük büdcəsinə görə birinci yerdədir. Universitet isə tədqiqatlarla yanaşı, həm də ixtisasların çoxçeşidliliyi ilə seçilir. Universitet tələbələrə biliklər verməli, universitet mədəniyyətini nəql etməli və tələbələrini elmi tədqiqatlara cəlb etməlidir. Bu gün Azərbaycanda bəzi universitetlərin fəaliyyəti isə universitet anlayışı ilə adekvat deyil”.