Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-23 17:46:00
Universitetlərimizə əcnəbi tələbə qəbulu artmayacaq - TƏHLİL

 

 

 

“Cari strukturla xaricdən tələbə qəbulunun əhəmiyyətli artışı real deyil”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Universitetinin “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri dos. Alıyev Xətai öz sosial şəbəkə hesabından yayımlayıb.

 

 

Dosent, “Azərbaycan xaricdən tələbə axını üçün cəlbedicidirmi?”, “ Bir xarici tələbə nəyə görə Azərbaycanı seçsin?” və s. kimi sualları müxtəlif faktorlar üzrə təhlillər əsasında cavablandırıb. Əcnəbi tələbələrin təhsil üçün ölkəmizə müraciət etməməsinin başlıca səbəblərini açıqlayıb.

 

 

 “Universitetlərin beynəlxalq reytinqi baxımından vəziyyətin ürəkaçan olmadığı hər kəsə məlumdur.  Ali təhsil müəssisələrində xarici dildə tədris və onun keyfiyyəti də məsələyə təsir göstərən başlıca amillərdən biridir.  Xarici dildə tədris qismən mövcuddur. Beynəlxalq akkreditasiyaların olmaması və infrastruktur, kadr məhdudiyyətləri ən önəmli problemlərdəndir.

 

 

Bundan əlavə, demək olar ki, bütün tələbələrin düşünməli olduğu mövzu məskunlaşma və yaşayış xərcidir.  Əksər potensial benefisiar universitetlər Bakıda yerləşir. Yataqxana şəraiti yox dərəcəsində, kirayə qiymətləri isə olduqca yuxarıdır”.

 

 

Ekspertin fikrincə,  həqiqətən xaricdən keyfiyyətli tələbə axınını artırmaq istəyiriksə Universitetlər nəzdində xüsusi fakültələr yaradaraq onların inkişafına əhəmiyyətli dəstək verilməlidir:

 

 

“Səbəblər kifayət qədərdir.  Lakin, həqiqətən xaricdən keyfiyyətli tələbə axınını artırmaq istəyiriksə universitetlər nəzdində xüsusi fakültələr yaradaraq onların inkişafına əhəmiyyətli dəstək verilməlidir. Digər fakültələrdə ayrı bir təhsil və idarəetmə sisteminin tətbiqi zəruridir ki, beynəlxalq akkreditasiyalardan keçə biləcək baza formalaşsın.

 

Universitetlərin uzun müddətli perspektivdə yerdəyişməsi və ya bu tip xüsusi bölmələrin regionlarda xüsusi kampuslarda yaradılması zəruridir. Yaşayış və təhsil xərclərini əhatə edən illik paketlər xarici tələbələr üçün "önünü görmək" baxımından cəlbedicidir.

 Əsas təhsilə başlamamışdan 1 illik xarici dil hazırlığı proqramı tətbiq edilməlidir ki, xarici və yerli tələbələrdə kommunikasiya problemi olmasın.

Cari strukturla xaricdən tələbə qəbulunun əhəmiyyətli artışı real deyil”.

 

Qeyd edək ki, ölkəmizdə daxili təhsil sisteminin inkişafı üçün müəyyən tədbirlər görülsə də, əcnəbi tələbələrin cəlbi məsələsində effektiv addımlar atılmır.