Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 16:33:00
Struktur rəhbərləri akkreditasiya mövzusunda məlumatlandırılıblar

Bakı Mühəndislik Universitetində (BMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) növbəti təlim keçirilib.

 

“Akkreditasiya meyarları” mövzusuna həsr olunan təlimdə BMU-nun struktur rəhbərləri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova TKTA ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin bundan sonra da davam edəcəyini, eyni zamanda bu təlimlərdə əldə olunan məlumatların təhsil müəssisəsinin akkreditasiyası üçün olduqca böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

Sonra Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov qeyd olunan mövzuda təlim keçib. Şöbə müdiri akkreditasiya meyarları - təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər, həmçinin akkreditasiya üçün tələb olunan özünütəhlil hesabatının hazırlanmasından söz açıb. Bildirib ki, bu prosesin gerçəkləşdirilməsi 7 istiqamət, 30 meyar və 271 indikatora əsaslanır. Akkreditasiyanın keçirilməsi üçün tələb olunan strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi-tədqiqat, idarəetmə sistemi, infrastruktur, beynəlmiləlləşmə kimi istiqamətlərin hər biri özündə müvafiq meyarları ehtiva edir.

 

Təlimçi meyarlar üzrə toplanması zəruri olan maksimum ballar, bu balların qiymətləndirilməsinin akkreditasiya prosesinə təsiri və digər məsələlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.

 

Tədbir iştirakçılarla sual-cavab sessiyası şəklində davam etdirilib.