Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 12:28:00
ADNSU-da “Vaqif” dramı əsasında tamaşa nümayiş olunub

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Şuşa ilinə həsr olunan “Şuşa- Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib.

 

Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı genişmiqyaslı tədbirlərin təşkil olunduğunu, ADNSU-da da Şuşa ili çərçivəsində Beynəlxalq elmi konfransların keçirildiyini bildirib. Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın yaranması və inkişafı tarixindən danışan professor C.Mustafayev mənfur düşmənlərin Şuşa şəhərini, ümumilikdə Qarabağın dağlıq hissəsini ələ keçirmək üçün illər boyu gizli və aşkar mübarizəsindən və tarixi həqiqətlərdən danışıb.  

 

Sonra AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Şuşa şəhərinin yaranma tarixindən, həmçinin “Şuşa” toponiminin etimologiyası və onun tarixi məhəllələrindən bəhs edib.

 

ADNSU-nun müəllimi, f.ü.f.d. Vəfa Abbasova Şuşanın ədəbi-mədəni mühiti  mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsi Şuşa həm də Molla Pənah Vaqif, Süleyman Sani Axundov, Xurşidbanu Natəvan, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy Hacibəyli, Xarrat Qulu, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov kimi  bir çox tanınmış mütəfəkkirlər, şairlər, incəsənət xadimləri yetişdirdirib.

 

Daha sonra Energetika fakültəsinin (EF) tələbələrinin səhnələşdirdiyi Səməd Vurğunun “Vaqif” dramı əsasında dörd pərdəli tamaşa nümayiş olunub. İzləyicilər tərəfindən maraqla qarışlanan tamaşada tələbələrin yaratdığı obrazlar vasitəsi ilə o dövrün ictimai-siyasi prosesləri yüksək səviyydə canlandırılıb.