Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 10:49:00
"Məktəblərdə qadağaların tətbiqi demokratik dəyərlərə ziddir"-Pedaqoqdan ETİRAZ

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

Nəticədə ümumi təhsil müəssisələrindən: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.

 

Yeni qaydalar insalar arasında müzakirələrə səbəb olub. Onların bir qismi qaydaların düzgün və yerində olduğunun tərəfdarı olsa da, digərləri bunun təhsillə əlaqəsi olmadığını qeyd ediblər.

 

AzEdu.az-a danışan sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva yeni qaydaların tövsiyə xarakteri daşıdığnı vurğulayıb:

 

”Təhsil müəssisələrində nizam-intizam qaydalarının olması olduqca vacibdir. Lakin bunu qadağa şəklində deyil, tövsiyə xarakterli dilə gətirmək daha düzgün olardı. Çünki məktəb islah koloniyası və çətin tərbiyə olunanlar üçün yer deyil, ona görə də burada nəyisə qadağan etmək düzgün deyil, yalnız tövsiyə etmək lazımdır.

 

Təhsil həyatımın müəyyən hissəsi Sovet dönəminə təsadüf edib. Həmin sistemin təsirini görmüş insanlar kimi deyə bilərəm ki, bu dövrdə də  qaydalara riayət etməyən insanlar mövcuddur. Çünki  təhsil müəssisələrində  hər cür  xarakterə malik şagirdlər var. Buraya müxtəlif dünyagörüşü və xarakterə malik ailələrdən gələn şagirdlər də aid edilə bilər. Bu hər zaman olub və olacaq. Hər bir halda nizam-intizamın olması vacibdir, lakin onun qadağa şəklində verilməsi demokratik dəyərlərin  təbliğ olunduğu və onun ölkəmiz tərəfindən geniş yayıldığı  zamanda qadağalar şəklində edilməsi yolverilməzdir. Bir valideyn olaraq təhsil sistemində nizamın olmasını  çox müsbət qiymətləndirirəm. Bu, tədrisin kefiyyətinə də müsbət təsir edəcək”.

 

O, qeyd edib ki, məktəblərin əsas vəzifəsi şagirdləri formalaşdırmaqdır:”Məktəb təlim-tədirs ocağıdır, onun vəzifəsi şəxsiyyət yetişdirməkdir,  məktəbin əsl məqsədi və məramı insan formalaşdırmaqdır, çünki ataların da dediyi kimi alim olmaq asandır, insan olmaq çətin. Buna görə də bu kimi məsələlərdə  təlim-tərbiyə sistemi və tədris mühiti elə qurulmalıdır ki, biz bunu məsuliyyət olaraq qəbul edək. Çünki bütün qadağalar maraq doğurur, insan xarakteri elədir ki, o qadağalara meyil edir və onu aşmağa çalışır. Bu xoşagəlməz hadisələrin hamısı qadağalardan qaynaqların. Müəllim kollektivi və məktəb rəhbərliyinin əsas öhtəliyi təlim, tədris və tərbiyəyə önəm vermək olmalıdır.

 

Məktəbin vəzifəsi yalnız universitet üçün şagird hazırlamaqdan ibarət deyil, cəmiyyətə layiq olan vətəndaş yetişdirməkdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları