https://modern.az/
2022-10-03 16:26:00
Builki qəbul imtahanlarında 600 və daha yuxarı bal toplayanların sayı açıqlanıb

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2 077 nəfər 600 və daha yuxarı bal toplayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, həmin abituriyentlərdən 237 nəfəri məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır.

 

Ümumilikdə ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkünlərin sayı daimi artım tempinə malik olub. Son 20 ilin göstəricilərinə baxsaq 2001-ci ildə ali məktəblərə qəbul olunan məcburi köçkünlərin sayı 856 nəfər idisə, 2011-ci ildə bu göstərici 2512, bu il isə 6098 nəfərə çatıb.

 

Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1081 nəfər olub.

 

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 1081 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 142 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 344 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 510 nəfər olub.

 

Qeyd edək ki, bu il Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 25 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülər arasında 54 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 18 nəfər kənd məktəblərinin məzunları), 6 nəfər məcburi köçkün məktəblərindən, 4 nəfər bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi, əczaçı, sürücü, mühəndis, satıcı, fəhlə, bərbər, təqaüdçü, çilingər, bağban, usta və s. ailələrindən olan məzunlar var. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

 

Təqaüdçülərdən 48 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Qəbələdə yerləşən məktəblərin məzunlarından 7, Sumqayıt və Naxçıvanda yerləşən məktəblərin məzunlarından 6, Abşeron və Gəncədə yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncülləri siyahısında görmək olar.

 

Xatırladaq ki, Prezident təqaüdçülərindən 31 nəfər Bakı Ali Neft Məktəbinə, 23 nəfər Azərbaycan Tibb Universitetinə, 12 nəfər ADA Universitetinə, 10 nəfər Bakı Dövlət Universitetinə, 9 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 4 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 1 nəfər Bakı Mühəndislik Universitetinə qəbul olunub.