Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-16 10:24:00
Müəllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.

 

AzEdu.az müəllimlərin dərs yükünün onlar arasında necə bölüşdürülməsini və bu zaman hansı nüansların nəzərə alınmasını araşdırıb.

 

Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

 

Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin  qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

 

Çalışmanın yaş həddinə çatan işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Çalşmanın yaş həddinə çatan Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri ilə əmək münasibətləri “Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanılması prosedurları barədə” Nazirliyin 02.04.2018-ci il tarixli F-223 nömrəli əmrinə uyğun tənzimlənir.

 

Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:

 

-dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;

 

-Tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir;

 

Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu bu qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir.  

 

Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.

 

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.