Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-22 11:15:00
Universitetə  etirazlar – “Tələbələrə stul, şortik kimi qadağalar yolverilməzdir”

 

“Odlar Yurdu” Universitetinin bufetində tələbələrin oturmasının vaxt itkisi olaraq görüldüyü, yeməkləri ayaq üstə daha tez yemələri üçün stulların götürüldüyü bildirilib.

 

Universitet bunun Avropanın ali təhsil müəssisələrinin nümunəsində edildiyini qeyd edib. Bu addım isə nə tələbələr, nə də təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

 

Bu bu nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev bu qərarın doğru olmadığını bildirərək,Avropa universitetləri nümunəsinə diqqət çəkib:

 

"Çox təəssüf ki,təhsil müəssisələrimiz pis  xəbərlərlə gündəmə gəlirlər. Son olaraq məktəb direktorunun səs yazısının yayılması və Odlar Yurdu Universitetinin bufetlə bağlı qərarı buna nümunədir. Düşünürəm ki, bir təhsil müəssisəsi istənilən mövzuda öz nailiyyətləri ilə yadda qalmalıdır. Təəssüf ki, sözügedən universitetin təhsil sahəsində, yaxud da digər sosial istiqamətlərdə indiyə kimi hər hansı bir nailiyyətinə rast gəlməmişik. Universitetin son qərarı isə nə tələbələr, nə də cəmiyyət tərəfindən heç də xoş qarşılanmır. Universitetin prorektoru tələbələrin ayaq üstə qidalanması fikrini inkişaf etmiş Avropa universitetlərində olduğu kimi tətbiq edildiyini deyib. Ola bilsin ki, o prorektorun olduğu Avropa universitetində belə bir hal mövcud olub. Amma dünyanın və Avropanıb inkişaf etmiş ali təhsil müəssisələrinin bufetlərində tələbələrin həm ayaq üstə, həm də oturaraq zaman keçirməsinə şərait yaradılıb".

 

"Tələbə universitetdə oturmaq, şortik geyinməmək, üzü tüklü olmamaq və s. kimi qadağaların qoyulması yolverilməzdir.  Tələbə 18 yaşını keçmiş bir şəxsdir, necə çay içəcəyinə, yemək yeyəcəyinə özü qərar verə bilər.  Bəlkə  onun dərsi günortadır və universitetə erkən gəlib çayını,kofesini içərək dərsə hazırlaşmaq istəyir. Düşünürəm ki,bəzi qərarlar diqqətə alınmalı deyil. Ümumiyyətlə bir sıra qərarlar qəbuı edərkən tələbələrin də fikri öyrənilməlidir"-deyə,mütəxəssis bildirib.

 

 

Qida eksperti Fərid Səfərov AzEdu.az-a açıqlamasında ayaq üstə qidalanmanın insan orqanizmi üçün zərərli olduğunu nəzərə çatdırıb:

 

 

 

"Ayaq üstə yemək yeyən insan qidanı daha sürətli qəbul edir.  Sürətli yemə isə kalori artımına gətirib çıxarır. Kalorinin həddən çox qəbul edilməsi çəki artımı və piylənməyə səbəb olur. Piylənmə isə insan orqanizmində xəstəliklərin əsas başlanğıcı hesab edilir. Ayaq üstə qidalanma ümumilikə hər insana orqanizminə uyğun olaraq fərqli təsir göstərir. İnsan orqanizmi fərdidir. Bu qidalanma şəkli kimisində qəbizlik, kimisində isə əksinə ishal yarada bilər.  Bu ümumilikdə bizim həzm prosesimizə birbaşa təsir göstərir. İnsanların əksəriyyətində bu qidalanma forması qeyd etdiyim fəsadlara,həmçinin həzm sisteminin pozulmasına,metabolik sindroma gətirib çıxarır. Bütün bunlar nəzərə alınaraq ayaq üstə qidalanma heç zaman tövsiyə olunmur".