Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Amma gəlin reallığa nəzər salaq: universitetlərin illik təhsil haqları hər il artır. Özü də az miqdarda deyil, ən azı 300-400 manat və daha baha. Kirayə evlərin qiyməti ildən-ilə yox, gündən-günə qalxır. Nəqliyyat xərclərindən söhbət açmaq isə başqa bir aləmdir... İndi də bir insan məcburi şəkildə soyuqda, istidə əlavə xərc çəkməli olur. Bütün bu çətinliklərlə üzləşən tələbələrin isə yalnız az bir qismi təqaüd ala bilir.
Bəs heç olmasa o təqaüd bu sadalanan ehtiyacların kiçik bir hissəsini qarşılamağa bəs edirmi? Ya da təqaüd almayanlar nə etməlidir? Həmçinin, yanvar ayından etibarən təqaüdlərdə artım olunacağı gözlənilirmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova qeyd edib ki, valideyn bu qədər xərc çəkirsə, sonunda iqtisadi mənfəət əldə etməlidir:
"Universitetlərin illik təhsil haqqını artırmasının ilkin səbəblərindən biri tələb və ümumi qiymət artımı ilə əlaqədardır. Əslində, ümumi qiymət artımı fonunda təhsil haqqının artırılmasını düzgün hesab etmirəm. Digər sahələrdə və xüsusilə də minimum əməkhaqqında artım yoxdursa, bu kimi xərclərin artması valideynlərin büdcəsində maliyyə yükü yaradır.
Kirayə evlərin qiymət artımına gəldikdə isə, ilk növbədə bu məsələni universitet rəhbərliyi həll etməli, tələbəni yataqxana ilə təmin etməlidir. Əgər illik təhsil haqqını artıra bilirlərsə, xidmət keyfiyyətini yaxşılaşdırmağı da düşünmək gərəkdir.
İkinci bir məsələ isə təhsili kapitala çevirə bilməklə əlaqəlidir. Yəni valideyn bu qədər xərc çəkirsə, sonunda iqtisadi mənfəət əldə etməlidir. Onun əldə etdiyi biliklər, universitetin verdiyi təhsil günün tələbinə cavab verməlidir. Ən azından magistratura, doktoranturada oxumaq istəyən tələbə heç bir hazırlığa getmədən öz biliyi ilə qəbul olmalı və ya işəqəbul imtahanında öz biliyi hesabına keçməlidir".
Tələbələr üçün xüsusi layihələr hazırlanmalıdır:
"Təqaüd alanlar və onların xərclərinə gəldikdə isə, bu, günün tələbini qarşılamır. "Tələbə qidası" kimi məşhur olan makaronun qiyməti ən azı vitrində 25-30 qəpikdən 1 manat, 1 manat 50 qəpiyə yüksəlib. Kartofun qiyməti minimum 90 qəpikdir, ətin qiymətində də artım var. Bu kimi hallarda ya tələbə iş yeri tapıb işləyir, ya da valideyni maddi dəstək göstərir. Yəni əlavə gəlir olmadan ayın sonunu başa vurmaq maddi cəhətdən çətindir. Tələbə yataqxanası olarsa, bu xərcləri yarıyadək endirmək mümkündür.
Ümumiyyətlə, tələbələr üçün xüsusi layihələr hazırlanmalıdır. İllərdir təklif hazırlasaq da, heç bir islahat icra olunmayıb, təəssüf ki... Sadəcə müəyyən özəl restoranlar və ya geyim, kosmetika mağazaları tələbələrə aksiya və endirimlər edirlər.
Əslində isə bu kimi işlər Nazirlik səviyyəsində olmalıdır. Məsələn, dərman preparatları güzəştlə verilməli, ərzaq tələbələrə güzəştli qiymətlə satılmalıdır".