Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-21 12:14:00
Dərsliklərlə bağlı problemlərə gələn rəy və müzakirəyə həvəsli mütəxəssis çox azdır- Rüfət Əzizov

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov İTV-nin “Sabaha saxlamayaq” verilişində dərsliklərdəki problemlərlə bağlı müzakirələrə münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, direktor müzakirədə səsləndirilən fikirlərin təqdirəlayiq olduğunu qeyd edib:

 

“Müzakirələrdə elmi və metodiki yanaşmalar, beynəlxalq təcrübədən nümunələr, dərsliyin məqsədi, qiymətləndirmələrin təsiri və məzmunun tətbiqində pedaqoji yanaşmalar ilə bağlı fikirlər çox faydalıdır. ARTİ şöbə müdürü Rasim Abdulrazakov, ARTİ ehtiyyat dərsliklər Azərbaycan dili dərslikləri müəlliflər qrupunun rəhbəri Rafiq İsmailov və BŞTİ TDM müdir müavini Turan Zəkəriyəyeva xanımın peşəkar fikirləri xüsusilə təqdirə layiqdir. Bu fikirlər hazırda harda olduğumuzu və hansı inkişaf yolunu tutduğumuzu əks etdirir. Dərsliklər və onların düzgün istifadəsi ilə bağlı çətinlikləri sistemli şəkildə görə bilməyimiz və artıq düzgün inkişaf yolu izləməyimiz yaxşı xəbərdir”.

 

Direktor verilişdə diqqət çəkən əsas məqamları vurğulayıb:

 

“Verlişdə əsas verilən mesajlar:

 

- dərslik müəllim üçün dərsi təşkil etmək üçün yeganə vasitə olmamalıdır,

- hazırda ibtidai siniflərdən tətbiqi başlanan 3cü nəsl dərsliklər, nəsillər arası müzakirələrə səbəb olması təbiidir,

- dərsliklərdən müəllimlər tərəfindən düzgün istifadə əsas uğur faktorudur,

- buraxılış və qəbul imtahanları sualları ilə fənnin tədrisi məqsədləri tam üst-üstə düşmür, suallar dərslikdən salınsa da,

- məktəb daxili qiymətləndirmələr və buraxılış imtahanları sualları bacarıqların formalaşmasına təşviq etmədiyi üçün dərsliklərin tam məqsədəuyğun tətbiqi baş vermir,

- Azərbaycan dilində dilçilik yox, dil öyrətməyi hədəfləyirik. Özünü ifadə etmək, oxuyub-anlamaq, ünsiyyət bacarıqları və dinləyib anlamaq kimi bacarıqlar daha vacibdir, nəinki qramatik qaydaların öyrənilməsi”.

 

“Düşünürəm dərsliklər və təhsil ilə bağlı bütün digər müzakirələr məhz bu şəkildə, elmi və metodiki əsaslandırılaraq, peşəkarlar tərəfindən aparılmalıdır. Dərsliklərə rəy bildirmək üçün trims.edu.az səhifəsinə gələn rəy sayı çox azdır. Dərsliklərlə bağlı problemləri sosial şəbəkələrdə müzakirə etməyə həvəsli olan mütəxəssis rəyləri isə ümumiyyətlə azlıq təşkil edir”-deyə R. Əzizov bildirib.