Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 17:20:00
Paytaxt məktəblərində ulu öndərə həsr olunmuş tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub, fotostendlər qurulub, sərgi, müsabiqə və idman yarışları keçirilib.

 

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

 

Tədbirlərdə Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olmuş, bütün şüurlu həyatını Vətəninə həsr etmiş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünyanın dörd bir tərəfində yaşayan  azərbaycanlıların liderinə çevirib.

 

Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib ölkənin qalib lideri kimi dünyada tanınır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  44 günlük müharibə ilə 30 illik torpaq həsrətinə son qoymaqla bərabər, həm də Ali Baş Komandanın özünün də dediyi kimi,  Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurub.

 

Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar, filmlər nümayiş olunub.  İstedadlı şagirdlər dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini çəkdikləri rəsmlərlə ifadə ediblər.

 

“Heydər Əliyev və Azərbaycan tarixi”, “Dünyanın ən böyük azərbaycanlısı”, "Şərəfli ömür yolu", "Tarix yaradan lider", “Xalqa bağışlanan ömür” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin doğum günü ilə bağlı Fəxri xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.