Azedu.az

Universitetlərdə yaş rekordu: Ən gənc və ən yaşlı TƏLƏBƏLƏR

Ali təhsil

30 İyun 2026, 15:43
Universitetlərdə yaş rekordu: Ən gənc və ən yaşlı TƏLƏBƏLƏR

Ali təhsil yalnız gənclərin fəaliyyəti ilə məhdudlaşmır. Azərbaycanda ali təhsil müəssisələrində müxtəlif yaş qruplarından tələbələr təhsil alır.

AzEdu.az bakalavr və magistratura pillələrinə qəbul olunan tələbələr arasında ən gənc ən yaşlı tələbələrin yaşını müəyyənləşdirmək məqsədilə universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) sorğumuza cavab olaraq qeyd olunub ki, universitetdə təhsil alan ən gənc tələbə 16, ən yaşlı tələbə isə 61 yaşındadır:

“Ümumilikdə isə universitetdə bu yaşda olan tələbələrin sayı kifayət qədər çoxdur - hazırda 116 nəfər 16 yaşlı tələbə ali təhsil alır.

​Universitetin ən yaşlı tələbəsi isə 1965-ci il təvəllüdlüdür. Hazırda 61 yaşı olan həmin tələbə Memarlıq fakültəsində ikinci ali təhsilini davam etdirir”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, universitetdə təhsil alan ən gənc tələbə 17, ən yaşlı tələbə isə 52 yaşındadır:

“Cansu Zeynalova Rəqəmsal iqtisadiyyat ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alır. Onun təvəllüdü 12.05.2009-cu il, yaşı isə 17-dir.

Sahib Qafarov UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzində bakalavriat səviyyəsində təhsil alır. O, 31.01.1974-cü il təvəllüdlüdür və 52 yaşı var.

Humeyra Hüseynova isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistratura səviyyəsində təhsil alır. Onun təvəllüdü 15.12.1976-cı il, yaşı isə 49-dur”.

Azərbaycan Universitetində (AU) təhsil alan ən gənc tələbə 17 yaşındadır və bakalavr pilləsində təhsil alır. Ən yaşlı tələbə isə 47 yaşındadır və magistratura pilləsində təhsilini davam etdirir.

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, universitetin ən gənc tələbələri 2009-cu il təvəllüdlü 4 nəfərdir. Onlardan 3-ü yerli, 1-i isə əcnəbi tələbədir. ATU-nun ən yaşlı tələbəsi isə 1971-ci il təvəllüdlüdür və yerli vətəndaşdır.

Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan ən gənc tələbə 16, ən yaşlı tələbə isə 56 yaşındadır.

Lənkəran Dövlət Universitetindən (LDU) məlumat verilib ki, universitetin ən gənc tələbəsi 16 (20.09.2009) yaşındadır, ən yaşlı tələbə isə 55 (15.04.1971) yaşındadır.

Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan ən gənc tələbə 18 yaşındadır, ən yaşlı tələbə isə 53 yaşındadır.

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, universitetin ən gənc tələbəsi 16 yaşlı Vüsal Əsgərovdur. O, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə I kursda təhsil alır. AzTU-nun ən yaşlı tələbəsi isə 55 yaşlı Bal Atiladır. O da İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə I kurs tələbəsidir. Bal Atila Türkiyə vətəndaşıdır.

Azərbaycan Texnologiya Universitetindən (ATU) sorğumuza cavab olaraq bildirilib ki, təhsil alan tələbələr arasında ən gənc tələbə 2009-cu il təvəllüdlü, ən yaşlı tələbə isə 1973-cü il təvəllüdlüdür.

Xəzər Universitetdən isə qeyd olunub ki, bakalavr pilləsində ən gənc tələbə 16 yaşındadır, ən yaşlı tələbə isə 31 yaşındadır. Magistraturada isə ən gənc tələbə 21, yaşlı tələbə isə 41 yaşındadır.

Rusiyadan Bakıya Zəngəzur xəbərdarlığı - İran imkan verməyəcək!
Son xəbərlərDaha çox