Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 12:12:00
Məktəbdəki qeyri-etik hərəkətə rəsmi münasibət - Müəllim cavabdehdir

“Müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov şəxsi facebook səhifəsində yazıb:

 

O, vurğulayıb ki, cəmiyyətin bir parçası olan müəllim, şagird və direktordan ibarət olan məktəbdə baş verən hadisələrə ictimai maraq təbidir:

 

“Bununla belə bir daha 165 nömrəli məktəbin bir neçə şagirdinin uyğun olmayan hərəkətlərini əks etdirən videogörüntü ilə bağlı görülən tədbirlərə aydınlıq gətirməyin lazımlı olduğunu düşündüm.

 

Hər şəxsin fikrinə hörmətlə yanaşıram. Ancaq məlumdur ki, müəllim dərsin təşkilinə görə cavabdehlik daşıyır. Həmin görüntülərdən çıxan ilk nəticə budur ki, müəllim dərs prosesini qaydalara uyğun təşkil etməyib. Uşaqların davranışı qəbulolunan deyil. Ancaq müəllim buna etiraz etməli, normal iradlar bildirməli, laqeyd qalmamalıdır. Ən kritik məqamda direktor müavini, direktor məlumatlandırılmalı, birgə tədbirlər görülməlidir. Uşaqlarla məktəb rəhbərliyi söhbət apara bilər, digər prosedur tədbirlər görülər, valideynlər dəvət olunar və s. Ancaq təəssüf ki, müəllim sinfi idarə etmir, bununla da uşaqlara lazımsız hərəkətlər üçün imkan vermiş olurdu.

 

Uşaqlar haqqında da tədbirlər görülüb, valideyn və şagirdlərin izahatları alınıb, uşaqlar üzrxahlıq edib. Həmçinin, həmin məktəblilər polis tərəfindən müvafiq profilaktiki tədbirlər görülməsi üçün nəzarətə götürülüb”.

 

Qeyd edək ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

 

165 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib.

 

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları