https://www.zirve.edu.az/ #
2021-12-06 09:44:00
MDU və BDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər

Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universitetinin (BDU) könüllülərinin birgə təşkilatçılığı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülük uğurlu karyeranın başlanğıcıdır” mövzusunda təqdimat keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin könüllüləri, tələbə və gənc əməkdaşları iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, təqdimata modertorluq edən “BDU Könüllüləri”nin koordinatoru Nərmin Heydərova Beynəlxlalq Könüllülər Günü münasibətilə təbriklərini çatdırıb və birgə tədbirin gənclər arasında könüllülük fəaliyyətinin təbliğinə töhfə məqsədi daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin “Könüllülər ili” elan edildiyini vurğulayan moderator ölkəmizdə könüllülük fəaliyyətinə yüksək dəyər verildiyini diqqətə çatdırıb.

 

Sonra, BDU könüllülərinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

 

MDU-nun könüllü tələbələrindən Nərmin Qədimli “Könüllülük nədir?”, Cavid Xancalı “MDU-da könüllü gənclərin fəaliyyət istiqamətləri”, Müşviq Azayev “Könüllülük tarixi bir ənənə, müasir dövrün çağırışıdır”, Mingəçevir regional "ASAN xidmət” mərkəzinin əməkdaşı, MDU-nun gənc müəllimi Əli Qurbanov “Mingəçevirdə könüllülük fəaliyyətinin təşkili”, BDU-nun könüllü tələbəsi Aysun Məmmədova “BDU-da könüllülük fəaliyyəti” mövzularında təqdimatla çıxış ediblər.

 

Təqdimatlarda könüllülüyün mahiyyətindən və əhəmiyyətindən, gənclərin hərtərəfli inkişafı və uğurlu karyera qurması baxımından perspektivlərindən, COVID-19 pandemiyası, 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrlərdə könüllülərin fəaliyyətlərindən bəhs edilib, könüllülük işinin effektiv təşkili ilə bağlı hər iki universitetin təcrübəsi diqqətə çatdırılıb.

 

BDU və MDU arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə fəaliyyətin könüllülük istiqamətini də əhatə etməsindən məmnunluğunu ifadə edən tələbə gənclər göstərilən diqqətə və dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkür ediblər.

 

Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan hər iki ali təhsil müəssisəsində tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.