https://www.zirve.edu.az/
09.03.2018 06:42
5 min dollar maaş, 1 milyonluq mükafat... - Başqa ölkələrdə müəllimlər nə qədər qazanır?

Dünyanın hər yerində valideynlər uşaqların inkişafı, qidalanmaları və gözlərini dünyaya açmaları, şəxsiyyət kimi formalaşmaları  mövzusunda müəllimlərə etibar edirlər. Bu da müəllimlərin üzərinə böyük bir məsuliyyət qoyur.

Bəs bu məsuliyyət müəllimlərin sosial statuslarına və onlara qarşı münasibətə təsir edirmi?

AzEDU.az dünyada müəllimlərin statusunu və onların sosial rifahını araşdırıb.

BBC-nin məlumatına görə, müəllimlik peşəsinin Nobeli adlandırılan “Global Müəllim Mükafatı” (Global Teacher Prize) təşkilatçısı Varkey Fondu müəllimlərin sosial statuslarını incələyib. Çalışmaların nəticələrinə əsasən, bir çox Asiya cəmiyyətində, özəlliklə də, Çin, Cənubi Koreya və Sinqapurda müəllimlərə böyük hörmət edilir. Qərb ölkələrində isə müəllimlərə göstərilən hörmətin səviyyəsi bir qədər  aşağıdır.

21 ölkədə aparılan araşdırmada müəllimlik 14 əsas peşə arasında, sosial xidmət mütəxəssislərindən və  kitabxanaçılardan bir pillə yuxarıda, yəni, 7-ci sırada yer alıb. Müəllimlərin həkimlər qədər bacarıqlı olduğunu düşünən tək ölkə isə Çindir.

Pedaqoqlarla bağlı mövqeləri araşdıran professor Peter Dalton, müəllim statusunun ölkənin mədəni tarixinə, dəyərlərinə və adətlərinə əsaslandığını söyləyib.

Məsələn, Amerikanın Nyu-York şəhərində bir müəllimin statusu onun nə qədər pul qazanması ilə əlaqələndirilir. Amma böyüklərə hörmətin qanun  sayıldığı Çində, müəllim yüksək maaş almasa belə,  statusu yüksəkdir.

Yüksək səviyyəli müəllim təhsili

Finlandiya və Sinqapurda təhsilə olan yanaşma bir-birindən olduqca fərqlidir. Buna baxmayaraq, hər iki ölkə dünyanın ən uğurlu şagirdlərini yetişdirir.

Cənubi Koreya, Sinqapur və Finlandiyada müəllimlərə statuslar verilir, daha yaxşı davranılır, yüksək maaşlar ödənilir və onların peşəkar kimi formalaşmalarına çox pul yatırılır.

Sinqapurda bütün müəllimlər Milli Elm İnstitutunda təhsil alırlar və hər il 100 saatdan çox peşəkar müəllim olmaq üçün  kurs keçirlər.

Finlandiyada müəllim olmaq fəxr hesab olunur. Bu ixtisasa sənəd verən hər 10 şəxsdən sadəcə 1-i qəbul ola bilir. Ölkədəki bütün pedaqoqlar magistatura təhsillidir.

Varkey Fondunun  müəllimlik peşəsinin Nobeli sayılan “Global Müəllim Mükafatını” almaq üçün hər il təxminən 20,000 müəllim müraciət edir. Mükafata layiq görülən şəxs  1 milyon dollar qazanır.

Dünya ölkələrində müəllim əmək haqları və pensiya yaşı

Avropa maaş baxımından müəllimlərin ən çox gəlir əldə etdiyi məkandır. Lüksenburqda müəllim maaşları, bir çox insanın həyatı boyu görə biləcəyi puldan  daha yüksəkdir. Orta məktəb müəllimlərinə ən yüksək maaşı ödəyən ölkələr isə  İsveçrə və Almaniyadır.

ABŞ-da müəlliməlik qadın peşəsi olaraq tanınır. Onlar ayda ortalama 3000 dollar maaş alırlar. Xüsusi müəllim evi və düşərgəsi yoxdur və  heç bir geyim məcburiyyəti qoyulmur. Pensiyaya çıxmaq üçün 55 yaş və ən az 20 il xidmət tələb olunur.

Almaniyada müəllimlər işləyəcəkləri qurumu özləri tapmalıdırlar. Pensiya üçün 63 yaşın olması və ən az 35 il çalışmaq əsas şərtdir. Müəllimlərin maaşı stajdan asılı olaraq 2000-3000 dollardır.

Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Pensiya yaşı 55-dir. Onlar üçün  endirim imkanları və heç bir əlavə güzəştlər nəzərdə tutulmayıb.

Çində müəllimə hörmət qanunla təsbit olunub. Onlar bank məmurları ilə eyni maaşı alırlar. Müəllimlər üçün xüsusi ev, düşərgə və endirimlər yoxdur, eyni zamanda xüsusi geyim məcburiyyəti də qoyulmur.

Fransada təcrübəçi  1100 dollar, 30 illik müəllim isə 2500 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı  60-dan yuxarıdır.

İngiltərədə aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur.

Yaponiyada işə yeni başlayan müəllimlər aylıq 2000 dollar qazanır. 25 illik təcrübəsi olan pedaqoqlar, yalnız 65 yaşından sonra pensiyaya çıxa bilərlər.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları