Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-30 15:58:00
Aşpazlıq üzrə milli müsabiqəyə müraciətlər qəbul olunur

WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin seçilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə müraciətlər qəbul olunur.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərin qəbulu noyabrın 5-dək aparılacaq. Beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17- 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.

Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” tərəfindən “Diplom proqramları” üçün təqaüd əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı Şanxayda keçiriləcək “WorldSkills” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.

İştirakçılar agentliyin saytındakı keçid linki vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.