Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 06:20:07
BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

“Yubileyə hazırlıqla bağlı görülən işlər çoxdur”.

Bu barədə BDU-nun rektoru Abel Məhərrəmov AzEDU.az-a müsahibəsində məlumat verib.

Rektor deyib ki, universitetin 2019-cu ildə keçiriləcək 100 illiyi ilə bağlı hərtərəfli və çoxşaxəli hazırlıq işləri gedir:

“Çox şadıq ki, YUNESKO da yubileyi beynəlxalq səviyyədə qeyd etmək barədə qərar qəbul edib, ondan başqa bir çox beynəlxalq qurumlarda bu yubiley qeyd ediləcək. Biz də həmin çərçivədə bəzi işlər görmüşük. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin ömrünün son illərini yaşadığı Rusiyanın Yessentuki şəhərində barelyefini açmışıq, onun adına küçə verilməsinə nail olmuşuq. Bununla yanaşı, ilk azərbaycanlı rektor Tağı Şahbazinin Bakıda yaşadığı binanın önündə xatirə barelyefi qoydurmuşuq”.

A.Məhərrəmov sözlərinə əlavə edib ki, yaxın günlərdə 1100 nəfərlik yataqxana tikintisinə başlanılacaq. Onun sözlərinə görə, gənc tədqiqatçılar üçün də həmin korpusda mənzillər tikiləcək.

Bundan başqa, rektor texnoparkın ilkin hissəsi olaraq Yüksək Texnologiyalar Mərkəzinin yaradıldığını və binanın artıq hazır olduğunu bildirib:

“Təmir işləri gedir və avadanlıqları yerləşdirməyə hazırlaşırıq. Bundan əlavə, həmin Mərkəzdə 400 kvadrat metrə yaxın ərazidə BDU-nun Tarix muzeyini yaradırıq. Muzeydə bu günə qədər universitetin yaranması, fəaliyyətində tarixi şəxslərin zəhmətindən tutmuş, ali məktəbin elm və təhsilinin inkişafında roluna qədər bütün məlumatlar əksini tapacaq. 100 illik ərəfəsində Qazax filialında yeni tədris korpusunun və yataqxana binalarının tikintisinə də başlamaq istəyirik”.