Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 09:57:00
“Bu uğur onlarsız mümkün deyildi” - 700 bal toplayan abituriyent

“Birinci imtahanda 657 bal toplamışdım. 700 bal yığanları gördükdən sonra fikirləşdim ki, niyə də mən yığmayım?”

Bu sözləri AzEdu.az-a açıqlamasında IV ixtisas qrupu üzrə 700 bal toplamış Bakı şəhəri 192 saylı məktəbin şagirdi Anar Kərimxanov deyib.  Həmçinin hisslərini sözlə ifadə edə bilmədiyini də əlavə edib:

“İmtahanda 700 bal toplamaq  98 % bilikdən asılıdırsa,  2 %-i  şansdır. Əslində imtahana girəndə çox həyəcanlıydım. Sualları gördükdən sonra öz güvənim artdı. Amma həyəcanın böyük təsiri var və bala təsir edir. Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsini seçəcəm”.

Azərbaycan tibb təhsili ilə kifayətlənmək olarmı sualına cavab olaraq Anar bildirib ki, daha çox xarici ölkəyə getməyi planlaşdırır.

“Məncə kifayətlənmək olmaz. Tibbi ilə seçilən Almaniyaya getməyi düşünürəm. Bu balı toplamağa gəlincə, əvvəldən uşağın təməli olmalıdır. Əvvəldən oxuduğum üçün mənə çətin gəlmədi. Son şansım olduğuna görə, bir ay daha çox çalışdım. Deyərdim ki, birinci  sinifdən başlamışam  hazırlaşmağa, IV sinifdə isə tibbi seçmişəm”.

O, sınaqlarda ən çox 680 yığdığını, ən rahat və sevdiyi fənnin  Biologiya olduğunu deyib.

“Bu yerə gəlib çatmaqda daha çox müəllim və təbii ki, valideynlərimin rolu var. Onlarsız mümkün deyil. Ailədə tibb sahəsində ilk mənəm. Ürək cərrahı olmaq istəyirəm. İngilis dilini bilirəm, amma alman dilinə hazırlaşmaq fikrim var”.

Anar həmçinin elmlə məşğul ola biləcəyini, bunu zamanın göstərəcəyini  vurğulayıb.