https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-22 12:00:00
Ölkəyə səs salan  layihənin müəllifi: "Nənələrə, övladı əsgər olanlara da dərs keçirik"-MÜSAHİBƏ

Ucarın Təzə Şilyan kənd orta məktəbinin müəllimi Aynur İbrahimova təhsil adına  unikal addım atıb.

 

O, müxtəlif səbəblərdən təhsildən kənar qalan xanımların yenidən tədrisə cəlbi ilə bağlı layihə ərsəyə gətirərək, könüllü surətdə icrasına başlayıb. Aynur müəllim "Oxumaq heç vaxt gec deyil" layihəsinin əsas məqsədi, gələcək hədəfləri barədə AzEdu.az-a müsahibəsində geniş məlumat verib.

 

 

“ISESKO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsini biz də əmələ çevirəcəyik”

 

 

-"Oxumaq heç vaxt gec deyil" layihəsinin ideyası necə formalaşdı?

 

-Hazırda işlədiyim Ucarın Təzə Şilyan kəndindəki fəaliyyətimə 8 il öncə başlamışam. Kənddə əksər ailələr qızlarını təhsilə yönəltmirdilər. 8 və 9-cu sinifdə məktəbli qızları ailə qurmağa sövq edirdilər-erkən nikaha yönəldirdilər. Qapı-qapı dolaşıb maarifləndirmə işi aparırdım ki, qızlarınızı məktəbdən yayındırmayın, onlar təhsil almaq istəyirlər. Cəhdlərim əksər hallarda müsbət nəticələnirdi. Məhz yeni layihənin də rüşeymləri bu istiqamətdə yarandı.

 

-Layihəyə nə zaman start verilib?

 

-Layihəyə ilk olaraq ötən il uşaq evində məskunlaşan qızların təhsilə cəlbi ilə başladım. Şəkidə yerləşən internat tipli uşaq eviylə əlaqə yaratdım, razılıq aldıqdan sonra layihəyə oradakı qızlarla başladım. Bir neçə müəllim yoldaşım da dəstək oldu. ödənişsiz olaraq həmin xanımları kolleclərə, universitetlərə hazırladıq. Geniş surətdə isə bu il iyunun 16-dan start götürüb, valideynlərə  ilk dərslər keçirilib.

 

İlk dəfə Ucarda başlayan layihəmiz tezliklə ölkə üzrə davam edəcək.

 

 

“Öncə uşaq evindəki uşaqlarla başladığımız bu missiya indi şagirdlərimin ailələrində davam edəcək”

 

-Bundan sonra yaşı nisbətən çox olan və müxtəlif səbəblərdən təhsil almaq arzusu yarıda qalan xanımlarla işləmək istədim. Məndə bu fikir valideynlərlə söhbətdən sonra yarandı, onlar həmişə özləri oxuya bilməsələr də övladlarının təhsil almasını arzu edirdilər. Mən isə təhsil heç vaxt gec deyil deyə bildirirdim. Məhz bu cür danışıqlardan sonra anaların savadlı olmasını önəmini gördüm və layihəni onlarla davam etmək qərarına gəldim. Bir ananın savadlı olması bütövlükdə ailənin savadlı olmasına təsir edir.

 

-Layihənin icrasını harada və hansı formada təşkil edirsiniz?

 

-Məktəblərin bağlanmasını gözlədim ki, sinif otaqları boşalsın, dərs keçməyə yerimiz olsun. Bundan sonra elan verildi və hazırda layihəyə müraciət edən valideynlər artmağa davam edir. Layihəyə 2 müəllim də könüllü qoşulub. Hazırda 3 fəndən(Azərbaycan dili, riyaziyyat,ingilis dili) dərslərin tədrisinə başlanılıb. Bu qədər maraqla qarşılanacağını gözləmirdim. Ucarın müxtəlif kəndlərindən, Xaçmazdan,Şəmkirdən, Şəkidən, Cəlilabaddan, Kürdəmirdən xeyli müraciətlər olur. Onlarla onlayn formada dərslərə başlanılıb. Ucarda işlədiyim üçün bu ərazidə yaşayan valideynlərə isə dərslər əyani formada keçiləcək. Hətta latın qrafikalı əlifbanı bilməyən valideynlər də var ki, onlara sıfırdan başlanılıb dərs keçirik. Eləsi də var ki, çox savadlıdır.

 

-Layihəyə qoşulan valideynlərin yaş aralığı necə dəyişir?

 

-Sağlam,  güclü övlad ancaq özünə inanan, güclü və iradəli anaların sevgisiylə böyüyə bilər. Ən yaşlı üzvümüzün 46 yaşı var, dünən qoşulub. Hətta valideynlər arasında nənə olan, övladı hərbi xidmətdə qulluq edənlər də var. Elə valideyn var ki, azyaşlı övladları ilə birgə dərslərə qatılır. Hətta maraqlı məqamı da qeyd edim ki, bir xanım var, onu dərslərə qayınatası gətirir və bildirir ki, gəlinimin savadlı olmasını istəyirəm.

 

Mənə telefon vasitəsilə zənglər gəlir və öz təəccüblərini bildirirlər ki, inanmazdıq ki, bu kənddə xanımları təhsilə məhz həyat yoldaşları və ailələri yönəldər. Bir neçə xanımı yoldaşı gətirir və dərsin sonuna kimi orada gözləyirlər.

 

-Növbəti aylarda layihədə hansı yeniliklər olacaq?

 

-Avqustdan başlayaraq layihəyə əlavə fənn müəllimləri cəlb ediləcək. Bölgələrdən çox müraciət olduğu üçün oradakı müəllimlərlə əməkdaşlıq etmək istəyirəm. Layihənin sosial media hesabları yaradılacaq. Hər bölgə üzrə müəllim qruplarımızı yaratmağı düşünürəm. Layihənin nəticəsini də qəbul imtahanlarında görəcəyik. Bizim üçün əsas meyar budur. İnanıram ki, növbəti ilin yekununda uğurlarımızı paylaşacağıq. Artıq təhsildən nikaha gedən yox, ər evindən, ailədən təhsilə addım atan xanımlar olacaq!

 

Qeyd edək ki, Layihənin əsas tərəfdaşı AzEdu Təhsil Portalıdır.

.

#BizBirlikdəGüclüyük

#OxumaqHeçVaxtGecDeyil

#SavadlıAnaSavadlıGələcəkDeməkdir