Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-12 10:23:00
Paytaxt məktəblərində yay məktəbinə hazırlıq davam edir  

Paytaxtdakı təhsil müəssisələrində yay məktəbinə hazırlıq davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  bildirilib ki, ümumi təhsil müəssisələrində yay məktəbinə hazırlıq çərçivəsində müvafiq tədbirlər görülür, valideyn və şagirdlərlə izahedici və maarifləndirici işlər aparılır.

Bununla bağlı BŞTİ-nin tabeliyindəki 83 nömrəli məktəb-lisey tərəfindən videoçarx hazırlanıb. Videoçarxda yay məktəbini maraqlı keçirmək üçün müvafiq ekskursiyalar, tədbirlər, intellektual oyunlar, idman yarışları, rəqs və digər mövzularda şagirdləri motivasiya edən fotoşəkillər əks olunub.

Qeyd edək ki, yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir.

Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

Yay məktəbi iyunun 16-dan 30-dək davam edəcək.