Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 10:55:00
Fikrin gücü ilə mətn yığılması üçün interfeys yaradılıb  

Amerikalı alimlərin yaratdığı “beyin-kompüter” interfeysi fikrən qələm tutmuş əlin hərəkətini ekranda mətnə çevirməyə imkan verir.

Müvafiq üsulla mətnin yığılması sürəti dəqiqədə 90 simvolu əhatə edir. Bu, daha əvvəl virtual klaviaturada simvolların vizual seçilməsi yolu ilə kontaktsız mətn yığımını iki dəfədən çox üstələyir. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Travma, ağır xəstəliklər və ya insult nəticəsində hərəkət etmək və danışmaq qabiliyyətini itirmiş insanlar buna baxmayaraq, adət olunmuş hərəkətlərini fikrən yerinə yetirməyə davam edirlər.

Stenford Universitetindən mühəndislər və neyrocərrahlar digər institutlardan olan həmkarları ilə birlikdə qeyd olunan xüsusiyyətə əsaslanaraq “beyin-kompüter” interfeysindən (brain-computer interface, BCI) və insanlara ünsiyyət imkanlarını qaytaran proqram təminatından ibarət kompleks sistem yaradıblar.

Məqalə müəlliflərindən birinin - Stenford Universitetinin Hovard Hyuz Tibb İnstitutunun elmi işçisi Frenk Uilletin sözlərinə görə, bədənin dəqiq hərəkətləri yerinə yetirmək qabiliyyətini itirdikdən sonra beyinin onilliklər ərzində həmin hərəkətləri təmsil etmə qabiliyyətini qoruyub saxlaması məlumdur. Planlaşdırılmış mürəkkəb hərəkətləri, o cümlədən əl yazısı kimi trayektoriyanın əyilməsini süni intellekt alqoritmlərinin köməyilə kursorun yerini dəyişmək kimi sadə hərəkətdən daha asan və sürətlə interpretasiya etmək olar.

Beyinə implant edilmiş miniatür sensorların köməyilə tədqiqatçılar ilk dəfə olaraq beyində əllə hərf yazmaq cəhdləri ilə bağlı fəaliyyəti oxuya biliblər. Əvvəllər bu istiqamətdə bütün qurğular fikirdə siçanla (kompüter) kursorun hərəkətini və simvolların yığılmasını izləyən proqram təminatının yaradılması yolu ilə gedirdi.

Stenford alimləri isə başqa yolla gediblər. Onlar fikirdəki “əl yazısını” oxumağı qərara alıblar və bu yol daha effektiv olub.

Əgər əvvəllər mətn yığımı sürəti dəqiqədə 40 simvoldan ibarət idisə, yeni tədqiqatın iştirakçısı - onurğa beyinin travması nəticəsində boyundan bədəninin aşağı hissəsinədək iflic olmuş 65 yaşlı kişi dəqiqədə 90 simvol yığıb. Tədqiqatçıların sözlərinə görə, bu müddət, həmin yaşda insanların smartfonun ekranına mətni daxil etdiyi vaxtla təqribən eynidir.

Kişinin beyinində sağ əlinin hərəkətini idarə edən hissəyə aspirin həbi ölçüsündə iki elektrod yerləşdirilib. Həmin şəxs fikrinə hərf gətirəndə BCI sensorları ayrı-ayrı neyronlardan siqnal alıblar və onu sistemə ötürüblər – sistemdə maşın təlimi alqoritmi beyinin hər hərf üçün yaratdığı şablonu tanıyıb. Sonra sistem mətni ekranda real zaman rejimində əks etdirib.

Tədqiqatçıların fikrincə, əl yazısının sürətli və dəqiq neyron dekodlaşdırılmasının mümkünlüyünün nümayişi klinik baxımdan faydalı neyrotexnologiyaların inkişafına kömək edəcək.(Azertac)