Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 10:36:00
UNEC: Magistr və doktorantların III beynəlxalq elmi konfransına hazırlıq işləri davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü ilə keçiriləcək magistr və doktorantların III beynəlxalq elmi konfransına hazırlıq işləri uğurla davam edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, konfransın Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 4–7-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulur. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunacaq beynəlxalq elmi konfrans dahi Azərbaycan şairinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq.
Konfransa məruzələrin qəbulu mayın 10-dək davam edəcək. Elmi konfransda məruzələrlə yanaşı, müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirakı ilə aktual mövzularda 14 vorkşop təşkil ediləcək.

Qəbul edilən ən yaxşı 70 məqalə dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən xarici jurnalın xüsusi buraxılışında dərc olunacaq və bütün platformalarda indekslənəcək.

Konfransın məruzələr kitabı artıq bir çox universitetlərin elektron kitabxanalarında yerləşdirilib. Eyni zamanda, “Google Books”, “Worldcat”, “International Conference Alerts”, “CONAL conference alerts”, “World Conference Alerts” kimi platformalarda yer alıb.