https://www.zirve.edu.az/ #
2021-04-17 17:33:00
COVID-19-un bəzi xəstələrdə ağır keçməsinin SƏBƏBLƏRİ

COVID-19-a yoluxmusunuzsa, bu, dünyanın sonu demək deyil, qorxu tamamilə mənasız, əsassızdır. Xəstələrin 80 faizinin əslində heç bir dərmana ehtiyacı yoxdur.

 

AzEdu.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimotoloq Şahin Məmmədov qeyd edib.

 

“Əgər yüngül keçirirsinizsə və mütləq nəsə almaq istəyirsinizsə, favipiravir, vitaminlər və parasetamol ala bilərsiniz. Çox az hallarda pnevmoniya sizdə oksigen çatışmazlığı yaradarsa, xəstəxanaya gedib orada oksigen ala bilərsiniz. Remdesivir qoşulduqdan sonra tezliklə sağalıb qayıdarsınız.

 

Unutmayın, demək olar ki, 99% xəstə koronavirusdan sağalır. Yerdə qalan 1% siz ola bilərsiniz şübhəsinə düşməyin. Yaşın və əlavə xəstəliklərin çox olması sizi qorxutmasın. Hər gün xəstəxanalardan yüzlərlə xəstə sağalaraq evə buraxılır. Nədir bu həyəcan? Cavab müsbət çıxan kimi, az qalır bəzilərini infarkt vura”.

 

Həkim əlavə edib ki, COVID-19-un bəzi xəstələrdə ağır keçməsinin səbəblərindən biri lazımsız müalicələrdir:

 

“COVID-19 testinin cavabı müsbət çıxan kimi, geniş spektrli, güclü antibiotiklərə başlayırsınız. Elə bilirsiniz ki, antibiotik vurduqda temperaturunuz düşəcək. Amma görəcəksiniz ki, qızdırmanız düşmür, başqa antibiotikləri də qoşacaqsınız. Sizdə bağırsaq mikroflorası məhv olacaq, sanki faydalı bakteriyalara kütləvi qırğın silahı istifadə etdiniz. Həm də nahaq yerə, çünki sizin düşməniniz bir virusdur, antibiotik bakteriyalar üçündür. Sizin mikroflora qırıldıqdan sonra bağırsaqlarınızın hərəkəti pozulacaq. Diareya başlayacaq. Çoxlu su və elektrolitlər itirəcəksiniz. Həm də bağırsaqlarınızdan nə dərman, nə də yedikləriniz sorulacaq. Malnutrisiya deyilir buna. Bağırsağın normal, faydalı mikroorqanizmlərini öz əlinizlə öldürdüyünüz üçün vitamin K sintezi pozulacaq. Vitamin K qaraciyərdə sintez olunan 2, 7, 9, 10-cu laxtalanma faktorlarından başqa, həm də orqanizmin anti-laxtalanma faktorları olan protein C və S-in sintezindən sonrakı modifikasiyası üçün lazım idi. Bu o deməkdir ki, öz əlinizlə tromboz və qanaxma riskini artırdınız. Elektrolit, su itkisi, qida və vitamin çatışmazlığı immunitetinizi endirir, koronavirus üçün əla şərait yaradırsınız”.(Publika.az)