Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 12:47:00
Abituriyentlər və onların valideynləri üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib    

2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) qəbul kampaniyasını Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələrini nəzərə almaqla, yalnız Operativ Qərargahın müəyyən etdiyi bütün şərtlərin yerinə yetirilməsi ilə həyata keçirib. COVID-19 pandemiyasının səbəb olduğu mürəkkəb epidemioloji vəziyyətin və onun yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərin tədris prosesinə təsirini nəzərə alaraq DİM və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə buraxılış və qəbul imtahanları fənlərinin proqramları yenidən nəzərdən keçirilib və yüngülləşdirilib. Buraxılış və qəbul imtahanları ilə bağlı müvəqqəti qaydalar tətbiq olunub.

AzEdu.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki, DİM-in “Fərdi inkişafa dəstək” layihəsi çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. Mərkəzin “Facebook” və “YouTube” kanallarında, eləcə də layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – COVID-19 pandemiyası, fərdi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar, karantin rejimi müddətində psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı yazılar yerləşdirilib. COVID-19 pandemiyası ilə əlaqədar 3 dildə hazırlanan maarifləndirici videoçarx təqdim edilib.

Eyni zamanda, DİM-də Çağrı mərkəzi vasitəsilə imtahan iştirakçılarına psixoloji xidmət göstərilməsinə başlanılıb. Daha sonrakı dövrdə e-psixoloq.az portalı istifadəyə verilib. Səhifədə fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib.

Xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Portalda aktiv edilmiş 40-dan çox ödənişsiz imtahan növü üzrə 35 min 265 istifadəçi tərəfindən 104 min 614 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Abituriyentlərə metodik kömək məqsədilə bütün fənlər üzrə qəbul proqramlarının mövzularına dair videomühazirələr (152 video) hazırlanıb və DİM-in “YouTube” kanalına yerləşdirilib.