https://www.zirve.edu.az/
21.01.2021 09:46
“Zamanı qabaqlamaq olmaz, o bizdən daha sürətlidir”

 

Dərslərin hansı formada başlayacağı ilə bağlı mətbuata verdiyim “Gözləntilərimiz hər hansı bir proqnozdan deyil, rəsmi məlumatlardan qaynaqlanmalıdır” açıqlaması ilə bağlı müsahibəmdə bir mənalı şəkildə bildirmişəm ki, insan iradəsindən, onun arzu və istəyindən asılı olmayan hər hansı bir məsələ barədə proqnoz verməkdən uzağam, baxmayaraq ki, bir çoxları hadisələri qabaqlayaraq, bunu həvəslə edirlər və bunun da nəticəsi kimi cəmiyyətdə müəyyən çaşqınlıq yaranır. Halbuki, tədrislə bağlı hər hansı bir qərar olarsa, bu ilk növbədə Təhsil nazirliyinin resurslarında paylaşılacağı barədə dəfələrlə məlumat verilib. Buna görə də hesab edirəm ki, bu gün hər hansı bir ehtimal və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun işimizi qurmalıyıq.

 

Onu da əlavə etmişəm ki, o ki, qaldı hamını maraqlandıran məktəblərin açılıb – açılmaması ilə bağlı qərara, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında da qeyd edildiyi kimi, Təhsil Nazirliyi yanvarın 22- nə planlaşdırdığı brifinqdə bu və bu kimi digər məsələlərə aydınlıq gətirəcək, Nazir bununla bağlı müvafiq qərarları açıqlayacaq.

 

O ki, qaldı nənim subyektiv mövqeyimə, brifinqdən gözləntilər çoxdur. Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması, və bu qərara əsasən bir sıra ictimai-iaşə obyektivlərinin fəaliyyətinə icazə verilməsini, ən başlıcası isə, Respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq, yaxın vaxtlarda təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması istisna olunmur. Əlbəttə, sanitar-epidemioloji şərtlərə ciddi əməl olunmaqla.

 

Maraqlıdır ki, rus və azərbaycan dilli 20-dən artıq sayt, portal və digər sosil media vasitələrinin böyük əksəriyyətində  geniş məzmunlu mətndən məhz “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”, ”Не исключено, что школьники начнут учиться в традиционном режиме” kimi başlıqlara üstünlük verməsi bir daha onu göstərir ki, məktəblərin və digər təhsil müəssisələrinin tezliklə açılması məsələsi təkcə təhsil sektorundakı insanları, məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi maraqlandırır. Bu yaxşı haldır, lakin  “fəaliyyətə başlaması istisna olunmur” ifadəsi heç də məktəblərin arzuladığımız zamanda açılacağı anlamına gəlməməlidir.

 

Nazirin də son olaraq bildirdiyi kimi, bununla bağlı qərar qəbul ediləcək: "Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək".

 

Deməyim odur ki, bu gün biz hər hansı bir ehtimala və gözləntilərə deyil, real vəziyyətə əsaslanaraq hərəkət etməliyik. Necə deyərlər, “Zamanı qabaqlamaq olmaz, çünki, o bizdən daha sürətlidir.”

 

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini