https://www.zirve.edu.az/
21.11.2020 13:44
Məsafədən təhsildə yeni reallıqlar  

 

“Mövcud emosional yüksəlişdən vətənpərvərlik ruhunun təbliğində istifadə etmək məqamıdır”

 

Alacaq bir dərs varsa, dünya bir məktəbdir. Bu deyim pandemiya dövründə öz təsdiqini tapdı. Məktəblərin funksiyasını yerinə yetirə bilməməsi alternativ öyrənmə vasitələrinin yenidən  gündəmə gəlməsi ilə nəticələndi. Beləliklə, məktəblər 2020-2021-ci tədris ilinə hibrid təhsil formatında başlasa da, hazırda fəaliyyətini tamamilə virtual davam etdirir. Şagirdlərin öyrənmə imkanlarını artırmaq, dərslərə əlçatanlığını təmin etmək üçün müxtəlif yollar sınaqdan çıxarılır, ən uğurlu variantlar tətbiq edilir. “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan teledərslər, “Microsoft Teams” platformasında keçilən onlayn dərslər mövcud tələbatı ödəyir. Artıq sosial şəbəkələrdə də “Dərs vaxtı” var.

 

Ötən həftənin sonundan başlayaraq, teledərslər “You Tube” kanalına da yerləşdirilir. Odur ki, teleməkanda dərs vaxtını qaçıranlar həmin dərsi buradan da izləyə və öyrənə bilərlər. Üstəlik, bu həftədən hər fənn üzrə dərs ayrıca yaradılan “Facebook” səhifəsində də yayımlanır. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov nazirliyin “Facebook” səhifəsində yayımlanan “Təməl” proqramında bildirib. “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirələrin təşkil edildiyi həmin proqramda Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu və müavini Orxan Abbasov “Microsoft Teams” platformasında müəllim və şagirdlərin fəallığına təsir edən amilləri nəzərdən keçiriblər.

 

Müəllim və şagirdlər üçün təhlükəsiz virtual mühit

 

Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov aprelin 2-dən istifadəyə verilən “Virtual məktəb” platformasında qeydiyyatdan keçən müəllim  və  şagirdlərin  sayının  artıq  1  milyon 200 mini ötdüyünü deyib: “8-14 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1229618, müəllimlərin sayı 120885, aktiv istifadəçilərin sayı 804 608 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 4068136 olub. Bu da o deməkdir ki,  müəllim  və  şagirdlərin  böyük  əksəriyyəti  bu  platformaya  çıxış  əldə  ediblər. Özü də, sadəcə paytaxt yox, bütün ölkə ərazisində bu iş səmərəli şəkildə qurulub. “Microsoft Teams” platforması istifadəçi sayı və fəallığından da göründüyü kimi, stabil işləyir. Vətən müharibəsinin başlanması ilə platformadan istifadə qismən məhdudlaşdırıldı. Lakin aparılan işin nəticəsi olaraq bu vəziyyət qısa müddət sonra dəyişdi və virtual dərslər bərpa edildi”.

 

“Virtual məktəb” platformasında həm müəllimlər, həm də şagirdlər üçün təhlükəsiz onlayn mühit yaradıldığını qeyd edən İdarə rəisi qeydiyyat zamanı bütün proses və fəaliyyətin nəzarətə götürüldüyünü vurğulayıb. Hazırda platformada şagird və müəllimllər böyük qruplarda formalaşıblar.

 

Dəyişməz cədvəl

 

Bu tədris ilindən platformanın idarə edilməsi də asanlaşdırılıb və funksiyaların çoxu məktəb direktorlarının, direkror müavinlərinin ixtiyarına verilib. Bu yolla onlar dərslərin verilməsi və qrafiklərin qurulmasını  təmin edirlər.  Bundan başqa, portalda direktor və direktor müavinləri üçün rəhbərlik etdikləri təhsil müəssisəsi üzrə bütün sinifləri, siniflər üzrə aparılan bütün dərsləri izləmək imkanı var. Məsafədən təşkil olunmuş dərslərin keyfiyyətinin ölçülməsi, davamiyyətə nəzarət, icmallaşdırılmış məlumatların toplanılması və təhlili imkanları təqdim olunur. Həmçinin xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.

 

Bu tədris ilindən yerli təhsili idarəetmə orqanları üçün də onların tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət asanlaşıb. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür.

 

Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

 

Şagirdlərin virtual dərslərdə iştirakının artırılması üçün isə motivasiya və dərs vaxtının dəyişməzliyi önəmlidir.

 

Virtual dərslərin dərs cədvəlinin hazırlanmasına toxunan Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublunun fikrincə, müəllimlər çalışmalıdır ki, dərs cədvəli tez-tez dəyişməsin: “Buna nail olarsa şagirdlərin motivasiyası yüksək olar, dərsə qatılanların sayı artar”.

 

Dərslərin məzmununa gəlincə, V.Yaqublu bildirib ki, məruzə formatında olan virtual dərslər vasitəsilə müəllimlər, sadəcə nəzəri biliklər ötürə bilir, praktik bacarıqlar formalaşdırmaq imkanı olmur.

 

Dərslərin hansı formatda keçirilməsi şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə mane ola bilməz. V.Yaqublunun fikrincə, fəndən asılı olmayaraq hər bir sinifdə Vətən müharibəsindən danışmaq lazımdır: “Bir tərəfdən Şanlı Qələbəmizə gedən yolu uşaqlarla müzakirə eləmək, digər tərəfdən də bu müharibənin nəticəsi olaraq qazandıqlarımız, geri qaytardığımız torpaqların coğrafiyası, biologiyası, xalq yaradıcılığı, təsviri incəsənəti və s. uşaqlar üçün maraqlı olar. Bu, böyük bir öyrənmə arealıdır. Vətən müharibəsi mövzusu bu gün istənilən fənnə inteqrasiya oluna bilər. Mövcud emosional yüksəlişdən vətənpərvərlik ruhunun  təbliğində istifadə etmək məqamıdır”.

 

Virtual dərsin qiymətləndirilməsi

 

Məktəblərin fəaliyyətinin tamamilə virtual məkana köçürülməsi ilə nəticələnən COVID-19 koronavurus infeksiyasının səbəb olduğu mövcud sanitar-epidemioloji vəziyyət bu dövrdə verilən təhsilin keyfiyyətinin ölçülməsinin yol və vasitələrini də gündəmə gətirib. Odur ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin biliyinin hansı formada qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılır. Vəfa Yaqublunun sözlərinə görə, ənənəvi tədris zamanı yarım tədris ili ərzində bir neçə dəfə kiçik və sonda böyük summativ qiymətləndirmə keçirilirdi və onun əsasında yarım il üzrə düstur əsasında qiymətləndirmə aparılırdı: “Hazırkı vəziyyətlə bağlı təklif olunan model budur ki, birinci yarım ilin sonunda böyük summativ qiymətləndirmə keçirilsin və onun nəticəsi yarım ilin nəticəsi kimi qəbul edilsin. Amma bu, hələ təklifdir. Bu barədə qərar qəbul edildikdə məktəblərə məlumat veriləcək”.

 

Yenidən hibrid?

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər  təhsil  şöbəsinin  müdir  müavini  Orxan Abbasov isə başqa bir yeniliyə diqqət çəkib. Nazirlər Kabinetinin qərarına əsaslanaraq  müavin  bildirib  ki,  növbəti  həftələrdə və aylarda sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla tədrisdə hibrid və əyani formaya  keçid  gözlənilir.  Onun  sözlərinə  görə, bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələri digər aidiyyati qurumlarla birlikdə ölkədəki sanitar-epidemioloji vəziyyəti izləyir: “Əgər həqiqətən də ölkədə sanitar-epidemioloji vəziyyət təhlükəli həddə olmasa, dəyişikliklər nəzərə alınacaq və bu barədə məlumat ictimaiyyətin nəzərinə çatdırılacaq. Amma məlumdur ki, bu virusun necə yayılacağını heç kim bilmir. Məsələn, tədris başlayana qədər ölkədə sanitar-epidemioloji durumun ən yaxşı olduğu bölgələrdən biri Quba idi, amma ilk bağlanan məktəb də Qubanın ucqar kənd məktəbi oldu”.

 

Pandemiya məktəbi: qazandığımız vərdişlər

 

Azərbaycan təhsil sistemi mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yeni çağırışlara dərhal reaksiya verməklə müasir tətbiqlərlə bağlı maraqlı təcrübə qazandı. Bu istiqamətdə hətta bir neçə ölkəyə nümunə olan təhsil sistemimizin ən  böyük qazancı da məhz ötən ilin mart ayından başlayaraq əldə etdiyi yeni vərdişlərdir. (Azərbaycan müəllimi)