Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 11:28:00
“Sinifdənxaric oxu” -  Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" şeiri -RUBRİKA/VİDEO

Vətənpərvərliyin  təhsil  ictimaiyyəti  və gənc nəslə təbliğ və təşviqatı  məqsədi  ilə  təqdim edilən “Sinifdənxaric  oxu”  rubrikası  davam  edir.

 

AzEdu.az  rubrikanın bu günki  hissəsində  Xalq şairi Qabilin dillər əzbəri olan bir şeirini təqdim edir:

 

Ümid  sənədir ancaq, Azərbaycan  əsgəri!

 

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər….
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Dəyirmi masalarda izi var dirsəklərin…
Ağla sığan söhbəti, sözü var dəstəklərin,
Yardım bağlamasında özü var dəstəklərin
Lap ləl-cavahir olsun hər yardımın dəyəri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur şəhid qəbirlərindən…
Düşünüb daşınıram özlüyümdə dərindən:
İntiqam ala bilməz, qana qan ola bilməz
Məzarları bəzəyən ehtiram çiçəkləri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət,sazişlər,
Qətnamələr,bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad  xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

 

Qeyd  edək ki,  rubrika  çərçivəsində  gündəlik  olaraq  məktəblilər üçün orta  məktəb dərsliklərində olmayan  vətənpərvərlik və müharibə mövzusunda poeziya, eləcə də nəsr nümunələrini oxuculara  təqdim edilir.

 

Qarabağ  Azərbaycandır!