Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 14:39:00
Xaricdəki tələbələrimizin informasiya cəbhəsində layiqli savaşı: Roma, Vyana, Cakkarta aktivləri

 

 

Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək yolunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizin bu istiqamətdə hansı işlər gördüyü, həmçinin görəcəkləri ilə bağlı sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

 

“Xaricdə təhsil alan tələbələr olaraq hamımızın ürəyi, fikri, düşüncəsi Azərbaycandadır. Hər birimiz Silahlı Qüvvələr Fonduna dəstəyimizi göstərmişik. Bugün Romada 15:00 -da Qarabağa dəstək aksiyası keçiriləcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyada təhsil alan azərbaycanlı tələbə Aysel Məmmədova söyləyib:

 

“Çox təəssüf  ki,  iştirak edə bilməyəcəm, çünki  Romaya çox uzaqda yerləşən bir  şəhərdə yaşayıram. Ancaq inanıram ki, tələbə yoldaşlarım və İtaliyada yaşayan azərbaycanlılar öz dəstəyini göstərəcəklər”.

Vyana Dövlət Universitetinin tələbəsi Leila Osmanlı açıqlamasında bildirdi ki, hazırda oktyabrın 17-si keçiriləcək demonstrasiya üçün xüsusi hazırlıq gedir:

 

“Çalışırıq ki, sosial şəbəkələrdə aktiv olaq. Avstriyanın qəzetlərinə həm öz adımızdan, həm də Avstriya Akademik  Birliyinin adından məlumatlar göndəririk. Burada “Sakit velosiped yürüyüşü” keçirtdik, bir də oktyabrın 17-si Vyanada demonstrasiya keçirəcəyik. Hazırda ona hazırlıqlar gedir”.

 

“Mən İndoneziyada təhsil alıram. Burada sadəcə 5 azərbaycanlı tələbə oxuyur.  Vətəndən uzaqda olduğumuz üçün hələki orduya kömək edə bilmirik, amma yerli və xarici vətəndaşları ölkəmizdəki hadisələrlə bağlı məlumatlandırırıq”.

Bu fikirləri İndoneziyada təhsil alan azərbaycanlı tələbə Elşad Məmmədbəy bildirib.O, vətənə qayıdıb könüllü döyüşlərə qatılmaq istədiyini də qeyd etdi:

 

“Hər gün cəbhədən qələbə xəbərləri eşidirik deyə, ümumi əhvali-ruhiyyəmiz yaxşı olur. Vətənə qayıdıb könüllü döyüşlərə qatılmaq istəyirəm. Çox təəssüf ki, vətəndən çox uzaqdayıq və koronavirusa görə karantinin olduğu bir vaxta Azərbaycana gəlmək  çətindir”. 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları