Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 18:14:00
DİM doktoranturaya və dissertanturaya sənəd verən namizədlərə müraciət edib

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

 

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

 

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

 

Xatırladırıq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində DİM-in internet saytında yerləşdirilmişdir (http://dim.gov.az/news/5716/). Qəbul imtahanına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, həmçinin dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər. Koronavirus pandemiyası ilə əlaqədar olaraq cari ildə qəbul proqramlarında və imtahanın strukturunda dəyişiklik edilməmişdir. Növbəti illərdə danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu il də imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı (esse) bloklarının təqdim edilməsi nəzərdə tutulur.

 

Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları ümumiləşdirilmiş şəkildə bir daha diqqətinizə çatdırırıq. Doktoranturaya xarici dillər üzrə qəbul imtahanının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir.

 

Oxu bacarıqları üzrə:

 

  • Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;
  • Müxtəlif məzmunlu və tipli mətnlərin əsas ideyasının tapılması;
  • Mətndə əsas fikirlərin müəyyən edilməsi;
  • Mətndə xüsusi məlumatların tapılması;
  • Mətnə əsasən nəticənin müəyyən edilməsi;
  • Mətni məntiqi baxımdan tamamlamaq;
  • Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;
  • Müəllifin məqsədinin müəyyən edilməsi;
  • Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
  • Oxunulan mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

 

Dinləmə bacarıqları üzrə:

 

  • Müxtəlif tipli mətnləri dinləyərək anlamaq bacarığı;
  • Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;
  • Dinləmə mətninin əsas ideyasının tapılması;
  • Dinləmə mətnində əsas fikirlərin müəyyən edilməsi;
  • Dinləmə mətnində xüsusi məlumatların tapılması;
  • Dinləmə mətninə əsasən nəticənin müəyyən edilməsi;
  • Mətni məntiqi baxımdan tamamlamaq;
  • Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
  • Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi;
  • Dinlənilən mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

 

Qrammatika və lüğət ehtiyatı üzrə:

CEFR-in B2 səviyyəsinə uyğun olaraq qrammatik minimuma və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin yoxlanılıb qiymətləndirilməsi.

Yazı üzrə:

Aşağıdakı xüsusiyyətlərə əməl edilməklə CEFR-in B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı:

- Yazının məzmunu, əhatəliliyi və həcmi;

- Yazının məntiqi strukturu;

- Nitqin rabitəliliyi və tamlığı;

- Qrammatik minimumdan düzgün istifadə;

- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;

- Yazı savadı.

İmtahanda xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:

 

1.Oxuyub-anlama bloku

 

Mətnlərin sayı: 2 ədəd (mətnlərin biri üzrə 10, digəri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə);

 

Mətnlərin həcmi: 250-500 söz;

 

Mətnlərin məzmunu və janrı:

 

a) akademik məzmunlu elmi-kütləvi;

 

b) ictimai-informativ, publisistik və digər janrlarda.

 

2. Dinləyib-anlama bloku

 

Mətnlərin sayı: 2 ədəd (hər biri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə);

 

Mətnlərin həcmi: 200-350 söz;

 

Mətnlərin tipi:

 

a) 1 monoloq;

 

b) 1 dialoq.

 

3. Yazı bloku

 

Bir tapşırıqdan ibarətdir:

 

- verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən (yekundan) ibarət olan essenin yazılması (həcmi 200-250 söz).

 

Yazı işində namizədlərin özləri haqqında hər hansı məlumat yazması və ya özlərini tanıtmaq üçün hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş namizədlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcəkdir. Seçilmiş xarici dildə yazılmayan, seçilmiş mövzudan fərqli mövzuda, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış esselər də “sıfır” balla qiymətləndirilir.

 

4. Dildən istifadə bloku

 

Magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində 15 ədəd qapalı və açıq formalı leksik-qrammatik tapşırıq

.

Namizədlərin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılırlar.

 

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə oktyabr ayında keçirilməsi planlaşdırılan qəbul imtahanından əvvəl həmin imtahanın modeli əsasında sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.