Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 14:46:00
TN  yanında İctimai Şura Ermənistanın təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Təhsil Nazirliyi yanında İctimai Şura Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

 

AzEdu.az   İctimai Şuraya istinadən müraciəti təqdim edir:

 

“Təhsil Nazirliyi yanında İctimai Şura olaraq Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, eləcə də dinc mülki əhalini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasını, nəticədə mülki əhali, eləcə də iki məktəblinin qətlə yetirilməsini qətiyyətlə pisləyirik. Düşmənin son təcavüzünün qurbanlarından olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri idi. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmaqda davam edir. Ermənistanın tarixi Azərbaycan torpağı olan Xocalıda həyata keçirdiyi soyqırımı nəticəsində qətlə yetirdiyi 613 nəfərdən 63 nəfəri uşaq olmuşdur. Siz, dünyada sülhü, uşaqları, təhsili qorumalı olan təşkilatlar ədaləti müdafiə etməyib susduqunluq nümayiş etdirdikcə düşmən daha da azğınlaşır.

 

Sizin dünya dövlətləri tərəfindən tanınan torpaqlarımızda 30 ilə yaxın bir dövrdə erməni tərəfinin həyata keçirdiyi humanitar fəlakətin miqyasından xəbəriniz varmı?

 

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 900 yaşayış məntəqəsi, 1025 məktəb, 798 səhiyyə ocağı, 855 uşaq bağçası dağıdılmış, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri humanitar terrorun qurbanı olmuşdur. Peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında saxtakarlıqla pasportlaşdırılaraq özünküləşdirilib. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, dünyada analoqu olmayan Ağdam Çörək muzeyi yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.

 

Regionda monoetnik siyasəti və humanitar terror həyata keçirən Ermənistanın son təxribatı nəticəsində iki məktəblilimizin qətlə yetirilməsi dünya təhsilinə və təhsil ictimaiyyətinə atılmış güllədir.

 

Dünya dövlətləri tərəfindən Azərbaycanın torpaqları kimi tanınan 20 faiz ərazimizi 30 ilə yaxın işğalda saxlayan, mütəmadi təxribat əməlləri ilə dinc mülki əhalimizi atəşə tutan, qətlə yetirən və beynəlxalq hüquqa, beynəlxalq hüquq normalarına açıq-aşkar meydan oxuyan təcavüzkar Ermənistana qarşı ədalətli mövqe olmadıqca o, daha da azğınlaşır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müvafiq müddəalarının və onların əlavə protokollarının kobud şəkildə pozulur. Ermənistan, həmçinin BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə də hörmətsizlik nümayiş etdirir.

 

Biz, beynəlxalq uşaq və təhsil təşkilatlardan, insan hüquqlarını müdafiə edən qurumlardan, dünyanın sülhsevər təhsil ictimaiyyətindən bu hadisələrə qiymət verməyi, təkcə regionumuz üçün deyil, bütün dünya üçün təhlükə olan bir rejimin əməllərinə qarşı mübarizədə Azərbaycanın yanında olmalarını xahiş edirik”.