https://www.zirve.edu.az/
05.09.2020 14:31
Aşpaz olmaq istəyənlər İctimai İaşə və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilər

Aşpaz olmaq istəyən şəxslər İctimai İaşə və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilərlər. Mərkəzdə nüfuzlu otellərlə birlikdə tətbiq edilən ikili proqramlar çərçivəsində tədris aparılır. Təhsil müəssisəsi ən müasir avadanlıqlarla təchiz olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, aşpaz olmaq istəyənlər sentyabrın 14-ü saat 18:00-dək peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsində iştirak edə bilərlər.

Elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq. Bundan əlavə, I mərhələ zamanı uğur qazanmış, lakin qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina edənlərə də II mərhələyə qatılmaq imkanı yaradılıb.

 

Qeydiyyatdan keçən namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edənin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat “Şəxsi kabinet” bölümündə yenilənir.

 

İkinci mərhələ üzrə qəbulun nəticələri sentyabrın 15-i saat 20:00-da elan ediləcək. Müsabiqədə iştirak edənlərə nəticə barədə SMS vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərənlərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar “Şəxsi kabinet” bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

 

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək elektron qaydada həyata keçirilib. Ümumilikdə peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır.