https://www.zirve.edu.az/
14.08.2020 13:00
MİQ-in uğurlu tətbiqi, müəllimlərin uğur hekayələri -REPORTAJ

Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sınaqları uğurla başa vurmuşuq”

MİQ-də yüksək bal toplayan müəllimlərin uğur hekayələri

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Test imtahanı mərhələsində 46228 namizədin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, 2009-2010-cu tədris ilindən Bakı şəhərinin, 2010-2011-ci dərs ilindən isə respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılmasına başlanılıb. Müsabiqənin yüksək nüfuz qazanması və namizədlərin yüksək fəallığının müşahidə olunması isə 2014-cü ildən sonrakı prosesin nəticəsi olaraq, demək olar ki, son 5 ilə aiddir. Nəticə isə ondan ibarətdir ki, son illərdə ölkə ümumtəhsil məktəblərinə kifayət qədər hazırlıqlı gənc kadrlar gedir və onlar qısa müddət ərzində böyük nüfuz qazanırlar. Məktəblərin yeni müəllimlərinin dildən-dilə, eldən-elə yayılan nüfuzu isə, sadəcə gənc müəllimlərin özünün deyil, həm də  müəllimlərin işə qəbulu üzrə müsabiqənin və bütövlükdə müəllimliyin nüfuzunun artmasına səbəb olur. İndi onların sayı onlarla deyil, yüzlərlədir. Məktəbdə uğur qazanan, təhsildə keyfiyyətə nail olan həmin müəllimlər təkcə məktəblərinin deyil,  bütövlükdə təhsil sisteminin qürur yerinə çevrilir.

 

O, Şəmkirdə müəllim olmağa qərar verdi, ailə bölündü 

 

Aysel Əlizadə 1995-ci ildə Şəmkirdə doğulub. Məktəbə də Şəmkirdə gedib. Ancaq məktəbi rayonda tamamlamayıb. Qardaşı ali məktəbə daxil olduğundan ailəliklə Bakıda məskunlaşıblar. Gün gəlib, Aysel də məktəbi bitirib, abituriyent olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb. Müəllimliyə sevgisi olsa da, yaxşı müəllim olacağına inamı da məhz universitetdə möhkəmlənib: “IV kursda oxuyurdum. Riyaziyyat müəllimim Bəyməmməd Cəbrayılov məndən yaxşı müəllim olacağını dedi. Düşündüm ki, o mənə belə deyirsə, deməli, həqiqətdir. O sözdən sonra yaxşı müəllim olacağına inamım artdı. Amma yaxşı müəllim olmaq üçün də stimul aldım. Özümü bu istiqamətdə inkişaf etdirmək üçün kiçik fürsətləri dəyərləndirdim”.

 

Elə ki, müəllim olmaq vaxtı çatıb, Aysel onu hamıdan fərqləndirəcək bir qərar verib. Bu qərar onu ailəsini bölməyə səbəb olsa belə. 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb: “2017-ci ildə müsabiqənin test imtahanı mərhələsindən 46, 2018-ci ildə isə 55 bal topladım. 2018-2019-cu tədris ili üçün keçirilən MİQ imtahanında topladığım 55 balla Bakı məktəblərindən vakansiya seçə bilərdim. Ancaq  Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi olmağa qərar verdim. Rayonda oxumuşdum, o mühitə bələdəm. Bilirdim ki, rayonda uşaqlar oxumağa çox həvəslidir. Təhsilə, müəllimə də rayonda daha yüksək dəyər verilir. Rayondakı həvəsi və olmayan imkanları düşündüm. Mənə daha çox harda ehtiyac var, onu fikirləşdim. Ona görə də Şəmkirə getdim. Bu qərarımı ailəm dəstəklədi. Anam mənə görə rayona qayıtdı, atam Bakıda qardaşımla qaldı. Anam hərdən qardaşıma görə darıxsa da, kəndə qayıtmağımızdan məmnundur”.

 

Aysel yaxşı müəllim kimi rayonda artıq nüfuz qazanıb. Rayon icra hakimiyyəti tərəfindən 2018-2019-cu il üçün “İlin müəllimi” diplomu ilə təltif edilib. Bu, onun uğurlarının başlanğıcıdır.

 

Şahid o müəllimdir ki... 

 

Çoxumuzun tanıdığı, fəaliyyətini sosial şəbəkələrdə maraqla izlədiyi Şahid Muradlı 2015-ci ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin yüksəkballı müəllimlərindəndir. Hazırda İsmayıllı rayonu İstisu kənd tam orta məktəbin müəllimidir. “Dünyanı rəngarəng etmək istəyirsənsə #özündənbaşla” adlı layihəsi çərçivəsində 4-cü sinif şagirdləri ilə birgə sinif otağını, partaları, döşəməni rəngləyib, həmçinin divarlarda maraqlı mənzərələr yaradıb. Bütün bunları qısa videoklipdə hazırlayaraq öz Facebook səhifəsinə yerləşdirməsi ilə ictimaiyyətin də diqqətini cəlb etdi. Çoxumuz onu bu addımı ilə tanısaq da, ucqar dağ kəndinə dərs demək üçün yollanan nadir kişi müəllimlərdən olması da onu fərqləndirdi.

 

Gənc, bacarıqlı, peşəsini sevən ibtidai sinif müəllimi Şahid Muradlı 2011-2015-ci illərdə Qafqaz Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2015-ci ildə 46 bal toplayıb. İsmayıllı rayon İstisu kənd tam orta məktəbində fəaliyyətə başlayıb. Müəllimliyə başlayandan sonra diaqnostik qiymətləndirmədə 51 bal toplayıb. Uğurlarının kökündə isə müəllimlərindən öyrəndikləri durur: “Qazandığım uğurlarıma görə tələbəlik illərində dərs aldığım Əjdər Ağayev, Arzu Yusifqızı, Şaiqə İsgəndərova, İsa Qasımov, Cəmil Məmmədov, Bayram Gündoğdu kimi dəyərli pedaqoqlara, müəllimlərimə borcluyam. Digər ən vacib məqam isə şagirdlərimə olan sevgim və güclü təhsilin gələcəyinə olan inamımdır”.

 

Ölkə birincisi ibtidai sinif müəllimi

 

Xəyalə Hüseynli ibtidai sinif müəllimidir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ən uğurlularından - 2018-ci ilin respublika birincisidir. Öz üzərində yorulmadan işləməyinin nəticəsidir ki, müəllimlik peşəsində ən təcrübəli müəllimlərlə rəqabət apara bilər. Azərbaycan Dövlət Pedaqoji Universitetini 2012-2016-cı illərdə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bakalavriat, 2016-2018-ci illərdə magistratura səviyyəsində başa vuraraq müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və test imtahanında 59 bal toplayaraq ölkə birincisi olub. Hazırda 20 nömrəli məktəb-liseyin müəllimidir.

 

X.Hüseynli müsabiqədəki uğurunda magistratura təhsilinin rolunu xüsusi qeyd edir. Ancaq uğurunu daha çox MİQ müsabiqəsinin şəffaf şəraiti və obyektiv qiymətləndirməsi ilə izah edir: “Magistratura təhsili alaraq ixtisasım üzrə biliyimi dərinləşdirdim. Bu təhsilin MİQ-də qazandığım uğurda böyük payı olduğunu düşünürəm. Ancaq uğurumun əsas səbəbini MİQ müsabiqəsinin şəffaf və ədalətli seçim şərtləri ilə əlaqələndirirəm. İnsanın bilik və bacarığı ilə uğur qazana biləcəyindən əminliyi onu öz üzərində daha çox işləməyə həvəsləndirir”.

 

Müəllimlik hansısa məktəbdə dərs demək deyil

 

Famıl Ağayev bir neçə dəfə MİQ imtahanlarında iştirak edib. 2014-cü ildə 35 maksimum baldan 32 bal, 2018-ci ildə 60 baldan 49 bal  toplayıb. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanında 59 bal toplayaraq ölkə birincisi olub. Hazırda 261 nömrəli məktəb-liseydə riyaziyyat müəllimidir: “Məncə, müəllim olmaq təkcə, hansısa məktəbdə dərs demək deyil. Şagirdləri övladın kimi sevmək, onlara qayğı ilə yanaşmaq və hətta lazım gələndə psixoloji dəstək də vermək lazımdır. Mən də bu yolda əlimdən gələni etməyə çalışıram”

 

Öyrətmək 2 dəfə öyrənməkdir

 

Aysel Məmmədova ibtidai sinif müəllimliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  2008-ci il məzunudur. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ilk dəfə 2016-cı ildə qatılıb. 55 bal toplayaraq müsabiqədə ilk uğurunu qazanıb. Səbail rayonundakı 53 nömrəli tam orta məktəbdə müəllimliyə başlayıb. Ancaq Mehdiabadda yaşayan gənc müəllim məktəb yolunu bir az yaxınlaşdırmaq istədiyi üçün yenidən müsabiqədə iştirak arzusuna düşüb. 2018-ci ildə test imtahanından 53 bal toplayıb. Bu nəticə gənc müəllimi qane etməyib. Ona görə 2019-cu ildə yenidən müsabiqəyə qatılıb və bu dəfə 58 bal toplayıb. Artıq 83 nömrəli məktəb-liseyin müəllimidir.

 

Müəllimliyə onu gətirən - öyrənməyə və öyrətməyə olan sevgisi məktəbdə şagirdlərinə hərf, söz, rəqəm öyrətməklə məhdudlaşmayıb. Bütün bildiklərini hər kəslə paylaşmaq arzusundan müəllim həmkarları da faydalanb: “Whatsapp”da 3 qrup yaratmışam. Hər birində 200-dən artıq müəllim həmkarımla biliyimi paylaşıram. Hazırlaşmalarına kömək etdiyim bir çox namizəd müsabiqədə uğur qazanaraq müəllimliyə başlayıb. Öyrətmək 2 dəfə öyrənməkdir. Mən də öyrədə-öyrədə öyrəndiklərimi möhkəmləndirirəm”.

 

Astaranın Babək müəllimi

 

Babək Rzazadə Astaranın Deqədi kəndindəndir.  Hələ gənc olsa da, artıq doğulduğu və yaşadığı zonanın, Lənkəran-Astara bölgəsinin Babək müəllimidir.

 

Bakalavr təhsilini  2009-2013-cü illərdə Lənkəran Dövlət Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə alan Babək müəllim bu təhsillə kifayətlənməyib. 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA-Biznesin təşkili və idarə edilməsi (ingilis dilində) üzrə magistr təhsili alıb.

 

2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və  51 balla Şahağacı kənd 2 nömrəli tam orta məktəbində işə qəbul olunub. 2019-cu ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edib və iş yerini Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbinə dəyişib. 

  

Ən böyük uğuru şagirdlərinin sevgisidir

 

 

Səidə Quliyeva Azərbaycan Müəllimlər İnstitutunda qiyabi təhsil alıb. 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayaraq Ucar rayon E.Əliyev adına Ənvər Məmmədxanlı kənd orta məktəbinin müəllimi olmaq hüququ qazanıb. Müəllimlikdə ən böyük uğuru şagirdlərinin sevgisidir. Bu sevgi hər gün onu rayon mərkəzindən kəndə aparır: “Şagirdlərimi sevirəm. Onların da sevgisini qazana bilmişəm. Öyrətməyi də, öyrənməyi də sevirəm. Ancaq öyrəndiklərimi başqalarına öyrətməyi xüsusi həvəslə edirəm. Bu il Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə də qatıldım və “Həmkardan həmkara dəstək” adlı layihəmlə qaliblərdən biri oldum”.

 

“Uğurumun səbəbi müəllimliyə olan həvəsimdir”

 

Nəvai Qənbərov Astara rayonunun Maşxan kəndindəndir. Elə o kənddəcə orta məktəbə gedib müəllimlərindən həyatı və yaşadığı müddətdə ona gərək olacaq vacib bilgiləri, sonra universitetə girib müəllimliyi öyrənib. 2016-cı ildə Lənkəran Dövlət Universitetini “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə bitirərək  hərbi xidmətə yollanıb. Bu bir il müəllimliyə olan həvəsini nəinki azaldıb, əksinə daha da möhkəmləndirib. Qayıdandan sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib. 2018-ci ildəki həmin iştirakı nəticəsində müəllim olmaq hüququ qazanıb. İmtahanda topladığı 46 bal ona Ağcabədi rayon Ağdam 40 nömrəli köçkün ümumi orta məktəbində müəllim olaraq sinfə girmək səlahiyyəti verib. 2019-cu ildə yenidən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və bu dəfə 58 bal toplayaraq ilin ən yüksək nəticə göstərənlərindən biri olub. Hazırda Astara rayonunun həm  Çayoba kənd P.Həsənov adına tam orta, həm də Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəblərində coğrafiya müəllimidir: “Müəllimliyi çox sevirəm. Hər gün növbəti dərsimə həvəslə hazırlaşır, öz üzərimdə çox işləyirəm”.

 

“Şagirdlərimin sevincini izləmək uğurumun bir parçasıdır”

 

Əjdər Salmanov Azərbaycan Dillər Universitetinin məzunudur. 2004-2008-ci illərdə alman dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb.  İlk dəfə 2017-ci ildə MİQ imtahanında iştirak edib və 53 bal toplayıb. 2019-cu ildə qatıldığı imtahanda da nəticə dəyişməyib. Abşeron rayonu Aşağı Güzdək qəsəbə tam orta məktəbin müəllimidir: “İlk məqsədim tədris etdiyim xarici dili - alman dilini şagirdlərimin sevməsinə nail olmaqdır.  Kollektivlərdə kişi müəllimlərin azlıq təşkil etdiyini müşahidə edirəm, xüsusən də alman dili müəllimləri. Ümid edirəm ki, bu tendensiya yaxın gələcəkdə dəyişməyə başlayacaq”.

 

Əjdər Salmanovun fikrincə, uğur böyük, nisbi anlayışdır: “Mənim üçün uğurun düsturu yoxdur.  Başqalarının  kiçik gördüyü hərəkət mənim üçün uğur ola bilər. Məsələn, hər dərs sonu şagirdlərimin sevincini izləmək uğurumun bir parçasıdır”.

 

Ağcabədidən açılan cığır

 

Nəzrin Qasımzadə 2018-2019-cu tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda 45 bal toplayıb. Neftçala rayon Mürsəqulu kənd İ.Səfərov adına tam orta məktəbin müəllimidir. Ancaq Ağcabədidə də çox yüksək rəy formalaşdırıb. Necə?

 

Nəzrin, əslində Sumqayıtda doğulub, Lənkəranda oxuyub. 2012-2017-ci illərdə Lənkəran Dövlət Universitetində “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb. 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində 45 bal toplayıb. Ağcabədinin Kürdlər kəndində işə  başlayıb. Onun işə başlaması ilə kənddə coğrafiyaya münasibət tamamilə dəyişib: “Abituriyentlərim vardı, hamısı nüfuzlu ali məktəblərə daxil oldu. Mənim üçün ən böyük sevinc ondan ibarətdir ki, abituriyentlərim imtahan sualları arasında ən çox coğrafiyadan olan suallara doğru cavab yazmışdılar. Mənim hazırladıqlarım uşaqlar arasında elə uşaqlar elə ali məktəbə daxil oldu ki, heç kim onların nəinki ali məktəb, ümumiyyətlə, oxuyacağına belə inanmazdı. Hazırladıqlarım arasında öz yaşıdım belə oldu. Hərbi xidmətdən qayıtdıqdan sonra coğrafiya üzrə onu hazırlaşdırmağımı, ali məktəbə getmək istədiyini dedi”.

 

Nəzrin müəllim növbəti tədris ilindən Neftçalada işləyəcək. Ağcabədidə qoyduğu izi Neftçalada daha da dərinləşdirəcəyinə inanır.

 

Orta  ixtisas təhsilli məşhur müəllimlər

 

Cəlilabad rayon Hacıcavad kənd ümumi orta məktəbinin müəllimi Elgün Şahbazov orta ixtisas təhsilli olsa da, kişi ibtidai sinif müəllimləri arasında 2019-cu ildə ölkə birincisi olub. Nədə? Təbii ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində. 2008-ci ildə Çünzəli kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ibtidai sinif müəllimliyi üzrə təhsil alıb. 2017-ci ildə keçirilən 2017-2018-ci tədris ili üçün müəllimlərin işə qəbulu imtahanında topladığı 47 balla Cəlilabad rayon Ləzran kənd ümumi orta məktəbində ilk peşə fəaliyyətinə başlayıb. İşlədiyi məktəb yaşadığı kənddən uzaq məsafədə yerləşdiyi üçün 2019-cu ildə yenidən müsabiqəyə qatılıb və test imtahanında 58 bal toplayıb. Bu uğurdan sonra da o, kənd məktəbindədir - Hacıcavad kənd ümumi orta məktəbinin müəllimidir.

 

 

 

Bakı şəhəri 205 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Səadət Adnaliyeva isə müəllimlikdə ilk təcrübəsini problemli sinifdə başlayıb. 2019-2020-ci tədris ili Bakı Humanitar kollecinin məzununun ilk fəaliyyət ili idi. 3 il ərzində 5 müəllim dəyişən dəcəl üçüncülər yeni müəllimini təbəssümlə qarşılayıb: “Problemli sinfi direktor mənə verəndə dedi ki, bacarmasan, təcrübəli müəllimlərdən kömək alarsan. Ancaq mən “Bacaracağam” dedim. Çünki özümə inanırdım. Nə şagirdlərim, nə də onların valideynləri bilir mənim müəllimliyimin ilk ili olduğunu. Deyən olsa, heç inanmazlar da. Məktəbimizdə 6 gün dərs keçilir. Qarşıma məqsəd qoydum ki, uşaqlar hətta bazar günü dərs olsa, yenə eyni həvəslə gəlsinlər. Maraqlı oyunlar hazırladım. Dərsimi oyunlarla qurdum. Aldığım nəticə məktəb rəhbərliyi üçün də, elə mənim sinfimə bələd olanlar üçün də təəccüblü oldu. Mənim üçün isə bu, sadəcə hədəfimə çatmaq idi. Nəticədə çox gözəl bir il yaşadım. İlk fəaliyyət ilimdə diplom, fəxri fərman aldım. Gözəl dərs nümunələrini onlayn dərs formatında da tətbiq etdim. Pandemiya dövründə uşaqlarımdan əl çəkmədim. Nəticə ondan ibarətdir ki, “205 nömrəli tam orta məktəbdə Səadət müəllim” deyiləndə tanıyan hər kəs yüksək fikirlər səsləndirir və qürurla deyirəm ki, mən buna cəmi bir tədris ili ərzində nail olmuşam”.

 

Layiq olduğunu təsdiqləmək onun üçün heç də asan olmayacaqdı: “Ailəli, iki uşaq anası, üstəlik uşaqlarından biri körpə olan bir qadın üçün hazırlaşmağın elə də asan olmadığını təsəvvür etmək çətin deyil. Gecə 2-dən sonra oturub hazırlaşırdım. Artıq 6 il idi kolleci bitirmişdim. Müəllimlərin işə qəbulu imtahanına ilk dəfə girəcəkdim. Bu çətinliklərə baxmayaraq imtahandan 56 balla çıxdım. Növbəti mərhələləri də  uğurla keçdim. Müsahibədə komissiya üzvlərindən biri “bu il zövqlə dinlədiyimiz namizəd sən oldun", - dedi”.

 

Səadət müəllim əvvəlcə imtahanda, sonra da sinfində müəllimliyə layiq olduğunu təsdiqlədi. İnklüziv sinifdə 27 yaşlı gənc müəllim üçün çətin olacağını düşünənlərə əksini isbat etdi. S.Adnaliyeva bu il müsabiqədənkənar ali məktəbə daxil olmaq şansından da yararlanacaq. Çoxlu planları, hədəfləri olduğunu deyir: “Müəllimlik mənim üçün müqəddəs peşədir və onun uğrunda əlimdən gələn hər şeyi eləməyə hazıram. Təlimçi olub müəllimlərə kömək etmək, daha sonrakı mərhələlərdə pillə-pillə yüksəlmək, direktor olmaq istəyirəm.Təhsildə faydalı fəaliyyətimlə cığır açmaq, bu cür tanınmaq əsas hədəfimdir. Təhsilimi isə davam etdirəcəyəm. Magistratura, hətta doktorantura səviyyəsində təhsil alıb öz övladlarımın, dövlətimin qarşısında sayılıb-seçilənlərdən olmağı hədəfləyirəm. Bütün bunlara nail olacağımı bilirəm, çünki özümə güvənirəm”.