Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 13:03:00
Koronavirus pandemiyasına dair elmi tədqiqatlarla bağlı beynəlxalq onlayn konfrans işini davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans işini davam etdirir.

AMEA-dan AzEdu.az-a bildirilib ki, konfransın ikinci günündə plenar iclası AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova açıb. O, tədbirin ilk günündə plenar və seksiya iclaslarında COVID-19-un müxtəlif problemlərinə həsr olunan çoxlu fundamental məruzələrin təqdim olunduğunu diqqətə çatdırıb.

 

Konfransın moderatoru AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova tədbirin ikinci günündə də dolğun və məzmunlu məruzələrin təqdim olunacağını vurğulayıb. Tədbir işini “COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr”, “Məsafədən spektrofotometrik müşahidələr əsasında Bakı şəhəri havasında mikroorqanizmlərin yayılması arealının operativ təyini”, “COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrinin imkanlarının öyrənilməsi”, “COVID-19 ilə bağlı miokarditlər”, “COVID-19 xəstəliyindən sonra yaranan psixoloji pozuntuların reabilitasiyası”, “SARS-CoV-2 virusunun genom verilənlərinin analizi üçün yeni bioinformatik proqramın və veb-səhifənin yaradılması”, “SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi” və digər mövzularda məruzələrlə davam etdirir.