https://www.zirve.edu.az/
25.05.2020 12:38
AzTU-nun rektoru müəllimlərə müraciət edib

AzEdu.az  xəbər  verir ki, Azərbaycan Texniki Universitetinin rektoru  Vilayət Vəliyev müəllimlərə müraciət edib:

 

Azərbaycan Texniki Universitetinin əziz və hörmətli müəllimləri!

 

Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edir, ailənizə və əzizlərinizə uğurlar arzulayır, ölkəmizin və universitetimizin gələcək inkişafı üçün birgə səylə çalışmağımızı diləyirəm!

 

Koronavirus pandemiyası dövründə tədrisin onlayn aparılmasında tələbələrinmizə zəruri biliklərin verilməsi üçün əlinizdən gələn bütün imkanları səfərbər etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm!

 

Artıq yaz semestrinin dərsləri başa çatır. Hamımız tələbələrin biliklərinin qiymətləndirilməsi üçün imtahan sessiyasına hazırlaşırıq. Hökümətimiz və Təhsil Nazirliyimiz bu istiqamətdə zəruri olan bütün köməkliyi edərək pandemiya dövründə tələbə biliyinin qiymətləndirilməsi prosesini maksimal dərəcədə sadələşdirib və bu istiqamətdə lazımi normativ-hüquqi sənədlər qəbul edilib. 

 

Universitetimizin Elmi Şurası Təhsil Nazirliyinin təlimatını əsas tutaraq yaz semestrinin müvəffəqiyyətlə başa çatdırılması üçün qərar qəbul edib. Qaydaya uyğun olaraq qərar Təhsil Nazirliyinə göndərilərək bəyənilib. Burada ali təhsil müəssisələrinə, o cümlədən bizim universitetə verilmiş səlahiyyətlər hər birimiz tərəfindən peşəkarlıqla, şəffaf və yüksək müəllim məsuliyyəti ilə yerinə yetirilməlidir.

 

 Hörmətli müəllimlər!

Odur ki, hər birimiz ilk növbədə pandemiya dövründə ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə hökümətimizin həyata keçirdiyi tədbirləri, bizim üçün yaradılan şəraiti və ən nəhayət əhalimizin bütün təbəqələri, xüsusilə həssas əhali qrupu və tələbələrə olan qayğını yüksək qiymətləndirməliyik! 

 

Bununla bərabər xalqın malını, verilən yardımları talayan, çirkin əməllərlə məşğul olan məmurlara qarşı amansız mübarizəni də göz önünə gətirməliyik.

 

Yaz semestrinin imtahan sessiyasının uğurla başa çatdırılması üçün hökümətin bu fəaliyyətini özümüzün əsas fəaliyyət proqramı kimi qəbul edərək tələbələrimizə bütün qiymətləndirmə prosesində maksimum qayğı və köməklik göstərməliyik. Aramızda az sayda olsa da, tələbələrə yalan məlumatlar verən, onları daim olaraq gərginlikdə saxlayan, müəllim adına yaraşmayan çirkin əməllərlə məşğul olan müəllimlərə qarşı amansız olmalı, onlarla birgə mübarizə aparmalıyıq!

 

Artıq Azərbaycan Texniki Universiteti öz ənənəsi, yüksək məzun potensialı, müstəsna bilik və qabiliyyəti olan müəllim və tələbələri ilə fərqlənir. Bu bizim ən böyük dəyərimizdir! Bu dəyəri qorumaq isə hamımızın müqəddəs borcudur! Bu dəyərlərə söykənərək yüksək tələbə-müəllim əməkdaşlığı postkoronavirus dövrünün əsas meyarı olacaq: bu əməkdaşlıqda universitetimizin inkişafı, yeni texnologiyaların yaradıcıları olan tələbələrimizin üzərində olacaq.

 

Tələbə biz müəllimlərin davamçıları olan gələcək müəllimlərimizdir!

 

Tələbə universitetimizin adını uca tutan, onun hər zaman təəsübünü çəkən gələcək məzunlarımızdır!

 

Bu dəyərləri göz önünə alaraq hazırkı dövrdə bizim əsas hədəfimiz budur: "Akademik borcu qalan tələbəmiz olmamalıdır". Bu hədəfin həyata keçirilməsi üçün istedadlı tələbələrimiz daha yüksək qiymətləndirilməli, nisbətən zəif tələbələrimiz də diqqət və qayğı ilə əhatə olunmalı, onların qabiliyyətləri önə çıxarılmalıdır!

 

Bir sözlə, heç kəs arxa planda qalmamalıdır.

 

Sizin hamınıza dərin hörmət və ehtiramımı bildirərək, indiki həssas dövrdə tələbələrimizə, öz doğma övladınız kimi, yüksək qayğı və köməklik göstərəcəyinizə inanıram!