Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-09 15:03:00
Universitetlərimizdə elektron jurnal varmı? – SORĞU

Təhsil sisteminin elektronlaşması son vaxtlar trend məsələlərdən birinə çevrilib. Smart tələbə bileti, distant təhsil, elektron jurnal - bütün bunlar milli təhsil sisteminin rəqəmliləşməsinə dair atılan vacib addımlardır.

 Azərbaycanın ali təhsil ocaqlarında rəqəmliləşmə faktoru mövcuddurmu? Universitetlərimiz elektron jurnaldan istifadə edirmi?

 Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, AzTU-da elektron təhsil sistemi fəaliyyət göstərir: “Azərbaycan Texniki Universitetində elektron sistem fəaliyyət göstərir. Bu sistem tədrisin keyfiyyətinin yüksəlməsində əhəmiyyəti ondan ibarətdir ki, auditoriyaya daxil olmadan dərs prosesi haqqında məlumat əldə etmək mümkündür. Belə ki, müəllim və tələbələrin dərsdə iştirakı, gecikmələri haqqında məlumatları sistem vasitəsilə əldə etmək olur”.

Iqtisad Universitetinin İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova universitet sisteminin tamamən elektronlaşdırıldığını bildirib: “Artıq neçə ildir ki, elektron jurnal tətbiq olunur. Davamiyyət 15 dəqiqə ərzində yoxlanılır. Yəni dərs başlayandan sonra 15 dəqiqə sonra sistem avtomatik olaraq bağlanır və qeydiyyat aparmaq mümkün olmur”.

Bakı Slavyan Universitetinin (BSU) mətbuat katibi Mənsur İbrahimov sorğuya cavab olaraq qeyd edib ki, hazırda ali məktəbdə elektron jurnal yoxdur: “Bu istiqamət üzrə işlər gedir. BSU-da ictimai və humanitar fənlər üzrə elmi jurnal fəaliyyət göstərir. Yaxın vaxtlarda universitetimizin həm elektron kitabxanası, həm də elektron jurnalı istifadəyə veriləcək”.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Cavid Zeynallı bildirib ki, hazırda ADU-da elektron jurnal mövcud deyil: “Universitetin elektronlaşması strateji planın bir hissəsidir və bu istiqamətdə mövcud işlər aparılır”.

 Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nəzərə çatdırıb ki, BMU yarandığı vaxtdan tədrisdə elektron jurnallar tətbiq olunur: “Kağız jurnal yoxdur, bütün davamiyyət elektron formada aparılır. Müəllim dərs keçəndən sonra 48 saat içində (istər sinifdə, istərsə də qeydiyyat aparıb 48 saat içində sonradan sistemə yaza bilər) elektron jurnalı doldurmaq imkanına malikdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ADNSU-da elektron jurnal adi jurnal ilə paralel tətbiq olunur: “Universitetimizdə veb-auditoriyalar var, orada tələbələrin davamiyyəti haqqında məlumat müəllimlər tərəfindən elektron jurnalda qeyd olunur. Gələn tədris ilindən etibarən, universitetin sistemi tamamən elektronlaşacaq və adi jurnallar istifadə olunmayacaq. Elektron sistem, həmçinin smart tələbə kartlarını da ehtiva edir. Tələbə kartını qeydiyyat cihazına yaxınlaşdıraraq davamiyyət məlumatları avtomatik olaraq elektron jurnalda əks olunacaq”.