Azedu.az

Azərbaycanda bu universitetlər beynəlxalq brendə çevrilə bilər - ADLAR

Ali təhsil

12 İyun 2026, 10:12
Azərbaycanda bu universitetlər beynəlxalq brendə çevrilə bilər - ADLAR

Dünyanın aparıcı universitetləri öz akademik nailiyyətləri, innovativ yanaşmaları, beynəlxalq əməkdaşlıqları və məzun uğurları vasitəsilə qlobal miqyasda tanınır və nüfuz qazanırlar. Azərbaycanda da ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması və onların qlobal akademik məkanda mövqelərinin gücləndirilməsi aktual məsələlərdəndir.   

Gələcəkdə hansı universitetlərimizin brendinq uğurları ola bilər? Hansı universitet öz brendini dünyaya tanıtmaq gücündədir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki, dünya universitet təcrübəsi göstərir ki, qlobal brendə çevrilmək üçün beynəlxalq tələbə axını, elmi tədqiqatların təsiri, xarici tərəfdaşlıqlar, innovasiya mühiti və ölkənin strateji maraqlarına xidmət edən ixtisaslaşma vacibdir:

184912

"Azərbaycanda bu meyarlara əsasən gələcəkdə beynəlxalq səviyyədə daha güclü tanına biləcək bir neçə universitet ön plana çıxır.İlk növbədə, ADA Universiteti diqqət çəkir. Beynəlxalq yönümlü təhsil modeli, xarici professor heyəti, ingilisdilli mühit və dünyanın müxtəlif ölkələrindən tələbələri cəlb etmək qabiliyyəti ADA-nın regional deyil, qlobal akademik brendə çevrilmək potensialını artırır. Universitet artıq Cənubi Qafqazın ən tanınan ali təhsil müəssisələrindən biri kimi qəbul olunur.

Bakı Dövlət Universiteti isə tamam fərqli üstünlüyə malikdir. Azərbaycanın ən qədim və ən böyük elm ocağı olan BDU ölkənin akademik tarixinin simvoludur. Bir əsrdən artıq müddətdə minlərlə alim, akademik, dövlət xadimi və ziyalı yetişdirən universitet Azərbaycanın elmi irsinin əsas daşıyıcısıdır. Dünyada bir çox universitetlər məhz öz tarixi nüfuzu və elmi məktəbləri üzərində qlobal brend formalaşdırıblar. Bu baxımdan BDU da beynəlxalq akademik məkanda daha fəal təşviq və elmi inteqrasiya ilə regionun nüfuzlu elm mərkəzlərindən birinə çevrilə bilər".

Dünyada bir çox universitetlər məhz müəyyən sahə üzrə ixtisaslaşaraq qlobal brend olublar:

"Bakı Ali Neft Məktəbi isə son illərdə əldə etdiyi akademik nəticələr, beynəlxalq əməkdaşlıqlar və texniki ixtisaslara yönəlmiş hazırlıq modeli ilə diqqət çəkir. Xüsusilə enerji və texnologiya istiqamətlərində beynəlxalq nüfuz qazanmaq potensialına malikdir.

Eyni zamanda Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universiteti də öz sahələri üzrə ixtisaslaşmış regional mərkəzlərə çevrilə bilərlər. Texnologiya, mühəndislik və tibb sahələri gələcəyin ən çox tələb olunan istiqamətləri olduğundan, bu universitetlərin inkişaf perspektivləri kifayət qədər genişdir.

Bu gün üçün Azərbaycanın dünya brendi olmaq ehtimalı ən yüksək universitetləri sırasında ADA Universiteti və Bakı Dövlət Universiteti xüsusi çəkidə görünür. ADA beynəlxalqlaşma və müasir idarəetmə modeli ilə, BDU isə zəngin tarixi, elmi ənənələri və yetişdirdiyi insan kapitalı ilə fərqlənir. Əgər ölkənin ali təhsil strategiyası ardıcıl şəkildə davam etdirilərsə, gələcəkdə Azərbaycanın qlobal akademik simasını məhz bu universitetlər formalaşdıra bilər".

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov bildirib ki, Azərbaycanda ali təhsildə beynəlxalq rəqabətliliyin artırılması ilə əlaqədar kifayət qədər böyük işlər görülür:

184914

“Bununla bağlı dövlət proqramı həyata keçirilir. Buraya həm ikili diplom proqramları, həm də xaricdə doktorantura təhsili almış şəxslərin Azərbaycana qayıdaraq ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət göstərməsinə şərait yaradan təşəbbüslər daxildir. Bu proqramların əsas məqsədi Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirməkdir. Son illərdə əldə olunan nəticələr də bunu təsdiqləyir. Azərbaycan universitetləri həm QS, həm Times Higher Education, həm də Şanxay reytinqlərində mövqelərini getdikcə möhkəmləndirirlər.

Bu, sevindirici haldır. Bunun bir neçə əsas səbəbi var. Bunlardan biri elmi tədqiqatların sayının artması, digəri universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayının çoxalması, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq layihələrin həyata keçirilməsi və ikili dövlət proqramlarının genişlənməsidir. Eyni zamanda, Azərbaycanda ali təhsil almaq istəyən xarici tələbələrin sayında da artım müşahidə olunur. “Study in Azerbaijan” proqramı çərçivəsində Azərbaycan dövləti müxtəlif ölkələrin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı yaradır. Bütün bunlar universitetlərimizin beynəlxalq reytinqlərdə daha yüksək nəticələr əldə etməsinə müsbət təsir göstərir.

Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın bir sıra universitetləri regionun aparıcı ali təhsil müəssisələri sırasına qoşulacaq. Burada ilk növbədə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də son illərdə yaradılan Qarabağ Universitetini qeyd etmək olar. Bu siyahıya ölkənin ən köklü ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetini də əlavə etmək mümkündür. Həmçinin Bakı Mühəndislik Universiteti də perspektivli ali təhsil müəssisələri sırasında yer alır. Hesab edirəm ki, sadaladığım universitetlər gələcəkdə əcnəbi tələbələrin ən çox üz tutduğu və beynəlxalq səviyyədə rəqabət apara bilən ali təhsil müəssisələri sırasında olacaq".

TƏCİLİ! İrandan ABŞ-yə AĞIR ZƏRBƏ - Qırıcılar məhv edildi!
Son xəbərlərDaha çox