https://www.zirve.edu.az/
21.02.2020 16:53
Şəhidin xatirəsi anılıb
Çap et

“Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur”.  Bu fikirlər  fevralın 17-də Bakıdakı 258 nömrəli tam orta məktəbdə təhsil ocağının adını daşıyan Arif Vəliyevə həsr olunmuş anım tədbirində deyilib. Tədbirdə onun   şərəfli ömrü və qəhrəmanlığından söhbət açılıb. Bildirilib ki, Arif Vəliyev torpağını qorumaq məqsədilə 1994-cü ildə döyüş bölgəsinə yollanır. O, Murov dağı yaxınlığında hakim yüksəkliyi uğrunda döyüşlərdə iştirak edir. Bu döyüş 3 gün, 3 gecə qarlı, çovğunlu bir havada olur. Havanın sərtliyi, yorğunluq, aclıq Arif və onun döyüş yoldaşlarını ruhdan salmır. Bu dəhşətli, odsaçan mərmilərin nişangah olduğu qanlı döyüş zamanı Arif əvvəl ayağından, sonra qolundan ağır yaralanır. Yaralı vəziyyətdə olsa da əsgər yoldaşının meyitini  döyüş zonasından çıxarmağa çalışır. Bu anda ürəyindən düşmən gülləsinə tuş gəlir. Arif Vəliyev bu döyüşdə qəhrəmancasına həlak olur.

 Tədbirdə qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək  isə hər kəsin vətəndaşlıq borcudur.

 Məktəbin direktoru Sədaqət Hüseynova məktəb kollektivi tərəfindən şəhid Arif Vəliyevin hər zaman hörmət və ehtiramla anıldığını, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ötən illər ərzində bütün imkanlardan istifadə olunduğunu bildirib. O, Qarabağ torpaqlarının mütləq geri qaytarılacağından, bu istiqamətdə dövlətin apardığı siyasətdən danışıb. Qeyd olunub ki, bu gün parta arxasında əyləşən hər bir şagird bilməlidir ki, Azərbaycan heç bir zaman torpaqlarını düşmənə bağışlamayacaq və geri qaytarılması üçün hər kəs ölümə belə getməyə hazır olmalıdır.

 Milli vətənpərvərlik ruhunda hazırlanmış tədbirdə şagirdlər tərəfindən qəhrəman şəhidlərimiz haqqında şeirlər söylənilib, mahnılar oxunub, musiqilər səslənib.

(Azərbaycan müəllimi .Rəşad ZİYADOV)