Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 16:38:00
Azərbaycanlı alim Paşinyanın "Böyük Tiqran" iddialarını ALT-ÜST ETDİ

"Azərbaycan ərazisində mövcud olan dövlətlərdən biri Qafqaz Albaniyasıdır. Ermənilərin isə ümumiyyətlə, Qafqaza aidiyyəti yoxdur".

AzEdu.az xəbər verir ki, bu sözləri  fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələrə münasibət bildirərkən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.
Professorun sözlərinə görə, Paşinyan özünün çox bəsit, primitiv çıxışı ilə bir daha təsdiq etdi ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycana qarşı hərbi təcavüz edib, ərazilərini zəbt edərək əhalisini məcburi köçkünə çevirib: "Nikol Paşinyan özünün hər sözü ilə gülünc vəziyyətə düşdü. Cənab Prezidentimiz isə heç şübhəsiz, Paşinyanla müqayisə oluna bilməz. Paşinyan İlham Əliyevin yanında çox aciz görünürdü. Tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçı olduğunu, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi. Hesab edirəm ki, bu debat Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyətidir".

Musa Qasımlı qeyd edib ki, Paşinyanın çıxışı onun savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını göstərdi: "O qədər gülünc danışırdı ki, onun bütün sözləri ikrah hissi doğururdu. Hər hansı münaqişəni eramızdan əvvəl olmuş və ya olmamış hadisələrdən misallar gətirərək dırnaqarası tənzimləmək cəhdi gülüncdür. Bu adamın BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmağından xəbəri yoxdur. Dünya bu gün universal beynəlxalq təşkilat olan BMT-nin qərarlarını görür. Təbiidir ki, cənab Prezidentimiz dünya miqyasında olan görkəmli siyasi xadimdir, beynəlxalq siyasəti mükəmməl bilir və Paşinyanı onunla müqayisə etmək də doğru deyil. Ölkə başçısı həm nitqi ilə, həm də müasir diplomatiyada olan "bədən dili" ilə millətimizə və dövlətimizə başucalığı gətirdi".

Professor Münhendə tarixi saxtalaşdırmağa çalışan Paşinyanın "Böyük Tiqranın dövründə regionda yalnız iki millət var idi" fikrinə də münasibət bildirib: "Paşinyanın səsləndirdiyi bu fikir tamamilə yalan üzərində qurulub və heç bir tarixi fakta əsaslanmır. Tarixdə "Böyük Ermənistan" deyilən anlayış olmayıb. Bu, ermənilərin uydurmasıdır. İndiki Dağlıq Qarabağ ərazisi erməni etno-mədəni arealına daxil olmayıb. Ermənilər Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülüb və məskunlaşdırılıblar. Paşinyan çıxışı ilə göstərdi ki, onun tarixi biliyi yoxdur, sıfır səviyyəsindədir. Əgər o gerçəkliyi bilmək istəyirsə, Çar Rusiyası dövründə çap olunan xəritələrə, o cümlədən 1903-cü il xəritəsinə baxa bilər. Həmin xəritədə erməni dilində nəsə və ya erməni toponimi varmı? Təbii ki, yoxdur, çünki ermənilər Cənubi Qafqaza gəlmədirlər və onlar burada heç bir qurucu iz qoymayıblar. Ona görə də Paşinyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil. Prezident İlham Əliyev də Ermənistan baş nazirinin bu iddialarını darmadağın etdi".  (publika.az)