https://www.zirve.edu.az/
17.02.2020 14:29
Sertifikatlaşdırılma məqsədilə təlim keçirilib
Çap et

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Gəncə şəhərində namizədlərlə təlim keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  bildirilib ki, təlimlərin ilk mərhələsi səmərəli ünsiyyət və işgüzar etiket, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci mərhələsində isə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin avqust ayından başlanıb və 947 nəfər qeydiyyatdan keçib.

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı 31 yanvar 2020-ci ildə başa çatıb. Cari ilin sentyabr qeydiyyat sistemi yenidən aktivləşdiriləcək.