https://www.zirve.edu.az/
25.01.2020 11:53
Peşə təhsili müəssisələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulacaq

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək üçün könüllülük fəaliyyətinin xüsusi əhəmiyyəti var. 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildikdən sonra bu sahəyə diqqət daha da artırılıb.

AzEdu.az xəbər verir ki, bu sözləri “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov deyib.

O bildirib ki, proqrama qoşulan könüllülər proqram çərçivəsində iş imkanları da əldə edirlər.

Canoğlan İlyasov açıqlamasında proqram çərçivəsində görülən işlərdən də danışıb. Qeyd edib ki, ölkədə könüllülüyün təbliği istiqamətində 2015-ci ildə Bakı Avropa Oyunları, Formula 1 yarışlarına dəstək vermək və vahid könüllülük bazasının yaradılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Bir” Tələbə-Könüllü Proqramı yaradılıb. Proqram keçirilən beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə könüllü dəstəyi verməklə yanaşı, tələbə könüllülərin inkişafı üçün müəyyən proqramlar həyata keçirir. Hazırda könüllülüklə bağlı bir çox özəl və dövlət qurumları ilə əməkdaşlığımız var.

Canoğlan İlyasov diqqətə çatdırıb ki, bu ildən etibarən peşə təhsil müəssisələrinin də proqrama qoşulması nəzərdə tutulub. Bu əhatə dairəsinin daha da artırılması, tələbələrin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülüyün təbliğinin genişlənməsinə şərait yaradacaq. Peşə təhsil müəssisələrinin tələbələri üçün müxtəlif istiqamətlərdə layihə və tədbirlərin həyata keçirilməsini planlaşdırırıq.

“Könüllülük tələbələrə çox şey qazandırır. “Bir” Tələbə-Könüllü Proqramı yaradıldıqdan bəri yaşa, yaşat, öyrən, öyrət, kəşf et və zövq al istiqamətlərini müəyyənləşdirmişik. Bütün bu istiqamətlər könüllülərə dostluq münasibətlərinin inkişaf etdirilməsində, təşkilatçılıq bacarıqlarında, gələcək karyeralarında üstünlük qazandırır. Növbəti il Könüllülərarası Milli Olimpiya Oyunlarını təşkil edəcəyik”, – deyə Canoğlan Yusifov bildirib.

Hazırda “konullu.edu.az” platformasında “Bir” Tələbə-Könüllü Proqramının könüllüləri öz şəxsi hesablarını yaradırlar. Platformada onların könüllülük fəaliyyətləri yerləşdirilir, CV-ləri, “elektron əmək kitabça”ları formalaşır. Bu fəaliyyətlər əsasında ilin sonunda ən fəal könüllü seçilir. Eyni zamanda, tədbirlərimizdə iştirak edən tələbə-könüllülərimiz dövlət və beynəlxalq əhəmiyyətli sertifikatlarla təltif olunurlar. Könüllülərimiz proqram çərçivəsində iş imkanları da əldə edirlər.

Proqramın gələcək hədəflərindən söz açan Canoğlan Yusifov diqqətə çatdırıb ki, yarandığı gündən indiyədək “Bir” Tələbə-Könüllü Proqramının üzvləri 520-dən çox mühüm tədbirlərdə iştirak ediblər. 26 ali və 18 orta ixtisas təhsil müəssisəsindən tələbələr “Bir” Tələbə-Könüllü Proqramına qoşulublar. Gələcəkdə fəaliyyətimizin əsas istiqamətlərindən biri də inklüziv könüllülərlə bağlı olacaq. İndiyə qədər 50-yə qədər fiziki məhdudiyyətli tələbə sıralarımıza qoşulub. İnklüziv könüllülərin proqrama cəlb edilməsi prioritet hədəflərimizdəndir. Eyni zamanda, beynəlxalq sferaya keçmək də əsas məqsədlərimizdən biridir.