Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 17:04:00
Xaricdə  Beynəlxalq Təhsil Günü – Avropalı tələbələrimiz danışır

 

 

 

BMT-nin qərarına əsasən yanvarın 24-ü dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur.  Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunan təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır.

 “Təhsil cəmiyyətin fəal hərəkətverici qüvvəsidir”

Bu sözləri AzEdu.az-a İtaliyanın La Sapienza Universitetində təhsil alan  Abdulla Həsənli bildirib. O, ölkələrarası dostluqda təhsilin önəmliyindən söz açıb:

“Fikrimcə, ölkələrarası beynəlxalq dostluq münasibətlərində də  təhsil mühüm əhəmiyyətə malikdir. Amma İtaliyada təhsil aldığım müddətdə Beynəlxalq Təhsil Gününün qeyd edilməsini görməsəm də, orada bu istiqamətdə, təhsilin beynəlxalq gücə çevrilməsi yönündə bir çox işlər görülür.   Təhsil aldığım La Sapienza Universiteti əcnəbi təbələrə sərfəli imkanlar yaradır. Onlarla aylıq, həftəlik mütəmadi görüşlər keçirilir və onların problemləri müzakirə olunur.

La Sapienza Universiteti də bir sıra beynəlxalq proqramlar çərçivəsində tələbə mübadilələri edilir. Bu proqramlardan ən məhşuru kimi “Erasmus”u nümunə göstərmək olar”.

Macarıstanın “Budapest Business School” Universitetinin tələbəsi Cəfərsadiq Hüseynov təhsili mədəniyyətlərarası anlaşma olduğunu vurğulayıb:

“Təhsil sülhü qorumağın ən vacib vasitəsidir. Çünki təhsil mədəniyyətlərarası anlaşma, barışıq və insanların birliyinə doğru şüurlu bir hərəkət alətidir.

Təəssüf ki, Macarıstanda Beynəlxalq Təhsil Günü qeyd edilmir. Macarıstanda  yanvarın 24-ü sıradan günlərdən biridir”. 

Niderlandın Tilburq Universitetinin məzunu Səbuhi Osmanov  düşünür ki, dünya arenasında hər hansı ölkəni  tanıtmaq üçün təhsil çox önəmli faktordur:

“Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Son illərdə ölkəmizdə də təhsilin inkişaf etməkdədir.

Amma Beynəlxalq Təhsil Günün qeyd edildiyini ilk dəfə eşidirəm. Çünki Niderlandda Beynəlxalq Təhsil Günü qeyd edilmir. Onu da bildirim ki, təhsil aldığım Tilburq Universitetində əcnəbi tələbələr üçün bir çox sərfəli imkanlar yaradılırdı”.

Qeyd edək ki, bu il Beynəlxalq Təhsil Günü “İnsanlar, planet, tərəqqi və sülh naminə öyrənmək” şüarı altında qeyd olunur. Bu ilin mövzusu göstərir ki, təhsil vasitəsilə insanların hüquq və imkanlarını genişləndirmək, planeti qorumaq, tərəqqiyə nail olmaq və sülhü möhkəmləndirmək mümkündür.

Günel Yaşarqızı
Müəllifin digər yazıları