https://www.zirve.edu.az/
15.01.2020 13:22
Magistraturaya qəbulda ikinci mərhələnin ləğvinin bu  faydaları olacaq – Şöbə müdiri

“Bu, kifayət qədər mütərəqqi addımdır. Düşünürəm ki, qərar öz effektini qarşıdakı illərdə verəcək”.

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev deyib:

O, magistraturaya qəbul qaydalarının dəyişməsi və bunun Azərbaycan Milli Elmlər Akademiyasına təsiri haqqında fikirlərini söyləyib:

“Yeni qəbul edilən qərar beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə yeni yanaşma tətbiq olundu. Bu kifayət qədər mütərəqqi addımdır. Düşünürəm ki, qərar öz effektini qarşıdakı illərdə verəcək.

AMEA-nın Magistratura şöbəsi öz fəaliyyətini davam etdirir. Ölkəmizdə və dünyada təhsillə bağlı  bütün yenilik və inkişafları  şöbəmiz də tətbiq edir. Təhsilin keyfiyyətini artırmaq üçün beynəlxalq təcrübədən geniş şəkildə istifadə etməyə çalışırıq.

İstənilən halda,  son dəyişiklər magistraturanın ikinci mərhələsinin ləğv edilməsinə əsaslanıb. Bu tədbirlərin həyata keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, bakalavrlar 4 il ərzində ixtisasla bağlı bilikləri mənimsəyir və dövlət imtahanında onlara yekun vururlar. Bu o deməkdir ki, artıq tələbə ixtisas biliklərinə yiyələnib. Yenidən magistraturaya imtahan verməklə isə onun xarici dil, informatika və məntiq bilikləri sınanılır”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişiklər edilib.

Dəyişiklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları