https://www.zirve.edu.az/
13.01.2020 10:13
"Müəllimin statusu haqqında" qanun qüvvəyə minib

Qazaxıstanda yeni qanun qüvvəyə minib

Qazaxıstan Respublikasının prezidenti  Kasım-Jomart Tokayevin Yeni il bayramı  ərəfəsində imzaladığı "Müəllimin statusu haqqında" qanun yanvarın 11-də qüvvəyə minib.  Rəsmi məlumata əsasən, dekabrın 30 -da  dövlət başçısı iki qanun - "Müəllimin statusu haqqında" və "Qazaxıstan Respublikası pedaqoqlarının statusu, şagird və müəllim yükünün azaldılması məsələləri üzrə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun imzalayıb.

“Müəllimin statusu haqqında” qanun müəllimlərin hüquqi vəziyyətinin keyfiyyətli yaxşılaşdırılmasını, onların sosial müdafiəsinə təminat verəcək hüquqi və sosial-iqtisadi münasibətlərin tənzimlənməsini, əməkhaqqının 25% artırılması və müəllimlərin qeyri-qənaətbəxş funksiyalara cəlb edilməsinə görə cərimənin tətbiq edilməsini nəzərdə tutur.

Bundan başqa, sənəd müəllimlərin öz səlahiyyətlərinin artırılmasına yönələn maddi stimul normalarını - sinif rəhbərliyinə və dəftərlərin yoxlanmasına görə əməkhaqqının iki misli miqdarında əlavə ödənişlər, pedaqoji ustalığa və mentorluğa görə əlavə ödənişlər, bütün müəllimlər üçün məzuniyyət müddətinin 56 günədək artırılması və digər tədbirləri nəzərdə tutur.

Qanun müəllimlərin peşə fəaliyyətində hüquq və vəzifələrini ətraflı şəkildə müəyyənləşdirir və onların maddi təminatı, həvəsləndirmə tədbirləri,  sosial təminatlarla bağlı normaları özündə ehtiva edir.

Nur-Sultan şəhərindəki 77 nömrəli məktəb-liseydə qanunun müzakirəsinə həsr olunmuş dinləmələrdə bildirilib ki, müəllimlərin  beynəlxalq olimpiada mükafatçılarına görə üç vəzifə maaşı həcmində birdəfəlik mükafatlandırması nəzərdə tutulur. Həmçinin kənd yerlərində işləyən müəllimlərə torpaq sahəsi üzrə prioritet hüquq verilib. Hər bir maddə normativ hüquqi aktlarla təsbit olunub. Onlar yerinə yetiriləcək və kağız üzərində qalmayacaq.  Bu normalar uşaqlarla işləyən hər kəsə şamil olunacaq.  

"Qanunla bu ildən müəllimlər üçün əmək haqqının 25% artırılması nəzərdə tutulub. Bu, çox sevindirici haldır, çünki məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinin maaşları o qədər də yüksək deyildi. Bundan əlavə, tərbiyəçilər maaşlarının 30% - dən 50% - ə qədər pedaqoji bacarıq üçün ödəniş əldə edirlər. Tərbiyəçilərin və müəllimlərin  hüquqları bərabərləşdirilir. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinə məzuniyyətin müddəti 56 günə qədər artırılıb. Bundan başqa, müəllimlərin ünvanına təhqirə görə cərimələr nəzərdə tutulub",-deyə Nur - Sultan şəhərindəki yerli uşaq bağçasının metodisti Olqa Geleverya bildirib.

Nəqliyyat və Kommunikasiya Kollecinin direktoru Zülfühar Qayipov diqqəti əsas iş yeri üzrə çalışan dövlət müəssisələrinin müəllimlərinə fəlsəfə doktoru və elmlər namizədi alimlik dərəcəsi üçün ödənilməli olan maddəyə yönəldib. "Bu, müəllimlər üçün böyük motivasiyadır", – deyə o, əminliklə qeyd edib.

Nur - Sultan şəhər başçısının müavini Bəxtiyar Maken  bildirib:   "Müəllimin statusu haqqında" qanun pedaqoqun,  bütövlükdə peşəkar cəmiyyətin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş mühüm addımdır:  "Müəllimlərin vəziyyətini keyfiyyətcə yaxşılaşdıracaq bütün normalar təsdiqlənib; bu peşə böyüməkdə olan gənclər üçün daha cəlbedici olacaq. Nəzərə alsaq ki, hazırda kadr çatışmazlığı hiss olunur, o zaman bu, aktualdır. Bu qanun gəncləri stimullaşdırmağa imkan verir".

Qeyd edək ki, Rusiyada pedaqoqların statusu haqqında dövlət səviyyəsində qanun yoxdur. Lakin ötən il bu sənəd ölkənin Ulyanovsk vilayətində təsdiq edilib.  Qeyd edilib ki, o, Rusiyada federal qanunun qəbul edilməsi üçün birinci mərhələ ola bilər.  Belə ki, ötən ilin oktyabrında prezident  Vladimir Putin Rusiya Federasiyasında müəllimin statusunun artırılması üçün tədbirlərin hazırlanmasını tapşırıb.

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)