Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 14:10:00
Ağdam rayon 122 nömrəli tam orta məktəb üçün quraşdırılan modul tipli bina istifadəyə verilib

Ağdam rayon 122 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova, Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov müəllim, şagird və valideynləri binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.

Bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 96 şagird yerlik məktəb 11 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Məktəb avadanlıq və inventarla təmin edilib.(Azərtac)