Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 17:32:00
Xarici ekspert Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim keçib

Qəbələ, İsmayıllı və Qax rayonlarında müəllim və mühəndis-pedaqoji heyətin, eləcə də şirkətdaxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər keçirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, növbəti təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Kombayn və traktorlara baxım və qulluq" mövzusunda xarici ekspert tərəfindən keçirilib. İştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər təlim üçün gətirilmiş texnikanın üzərində əyani olaraq nümayiş etdirilib.

Təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda, “AZZA Aqro”, “Kazımoğlu KFT”, “Uğur”, “Gilan Dairy Farms” MMC-in müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri (fermerlər) qatılıblar.

Xatırladaq ki, ümumilikdə 2019-cu il ərzində kənd təsərrüfatına dair "Kombaynların istismarı və təmiri", "Traktorların istismarı və təmiri", "Kotanların nizamlanması və istifadəsi", "Kartof əkininin xüsusi istehsal texnikası", "Buğdanın becərilməsi üzrə nümayiş sahəsinin yaradılması", “Buğda əkini və silosluq/dənlik qarğıdalının istehsal texnologiyası”, “Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı” mövzularında təlimlər keçirilib.

Xatırladaq ki, təlimlər “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.